Azərbaycan əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında Qazaxıstandan sonra 2-ci yeri tutur. Beynəlxalq Pensiya və Sosial Fondları Assosiasiyasının 01.09.2011-ci il tarixə olan məlumatına əsasən, hazırda MDB ölkələri arasında ilk üçlükdə Qazaxıstan (164,19 ABŞ dolları), Azərbaycan (108,07 ABŞ dolları), Rusiya (102,43 ABŞ dolları) qərarlaşıb.
Minimal pensiyanın məbləğinə görə, sonrakı yerlərdə Ukrayna (95,85 ABŞ dolları), Belorusiya (86,84 ABŞ dolları), Özbəkistan (64,42 ABŞ dolları), Moldava (56,55 ABŞ dolları), Gürcüstan (48,61 ABŞ dolları), Ermənistan (28,57 ABŞ dolları), Qırğızıstan (22,27 ABŞ dolları), Tacikistan (16,83 ABŞ dolları) gəlir.
Qeyd edək ki, Azərbaycanda pensiyanın baza hissəsinin məbləği (minimum pensiya) 85 manat (108,07 ABŞ dolları) təşkil edir. 2011-ci il iyul ayının 1-dən isə sığorta-pensiya sistemində həyata keçirilən islahat nəticəsində hazırkı anlamda minimum pensiya alma halı aradan qaldırılıb. Pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, təxminən 900 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə (təxminən 40 faiz) artıb. Pensiyaların yenidən hesablanmasından sonra Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği təxminən 150 manata çatdırılıb və 200 dollara yaxın bir rəqəmlə ifadə olunur. Bu, orta aylıq əməkhaqqının təqribən 40 faizi deməkdir və pensiyaların orta məbləği üzrə qəbul olunmuş öhdəliyi, yəni orta əməkhaqqının 40 faizi səviyyəsini üstələyir.
Modern.az