Modern.az

İlham Əliyev Mehriban Əliyeva ilə birlikdə Qala parkında ağac əkiblər

İlham Əliyev Mehriban Əliyeva ilə birlikdə Qala parkında ağac əkiblər

7 Sentyabr 2011, 17:43

Prezident İlham Əliyev Xəzər rayonundakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində aparılan tikinti-quruculuq işləri ilə tanış olub və Əntiq Əşyalar Muzeyinin açılışında iştirak edib. (AzərTAc)
Modern.az saytı xəbər verir ki, İlham Əliyev və xanımı Mehriban Əliyevaya Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə Abşeronun ən qədim insan məskənlərindən olan Qala qəsəbəsində Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Arxeoloji-Etnoqrafik Muzey Kompleksi barədə məlumat verilib.  Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən pilot ərazi kimi Qala qəsəbəsində “Təmiz Qala” layihəsinin icrasına başlanılıb. Layihənin məqsədi qəsəbə ərazisində yaranmış tullantıların kompleks idarə olunmasını - yığılması, daşınması və təkrar emalı proseslərinin müasir standartlara uyğun təşkil etməkdir. Əraziyə su xətti çəkilib, 15 bulaq istifadəyə verilib.  
Prezident İlham Əliyev və Mehriban Əliyeva əvvəlcə Qala İnformasiya Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəz vasitəsilə turistlər, qonaqlar qoruq ərazisindəki muzeylər barədə ətraflı məlumat əldə edə, elektromobillər, elektroavtobuslar və velosipedlər icarəyə götürə bilərlər. 
Sonra dövlət başçısı və xanımı Qala parkında görülmüş işlərlə tanış olublar, parkın ilkin və indiki görünüşünü əks etdirən stendə baxıblar. Prezidentə buradakı göl və onun ətrafındakı 24,2 hektar ərazinin təmizlənərək abadlaşdırılması haqqına məlumat verilib. Ərazidə torpaq üç metr dərinliyində qazılaraq mazut və digər tullantılardan təmizlənmiş, yeni torpaq örtüyü ilə əvəzlənib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qala parkında ağac əkiblər.  

Sonra dövlət başçısı XII-XIV əsrə aid Qum hamamı ilə tanış olub. Məlumat verildi ki, Qum hamamında nadir qaz və su kəmərlərinin, kanalizasiya sisteminin mövcudluğu xalqımızın məişət mədəniyyətinin qədim və yüksək olduğunun göstəricisidir. Etno-Ekoloji Mərkəzlə tanışlıq zamanı bildirilib ki, əsasən uşaqlar və gənclər üçün nəzərdə tutulmuş mərkəzdə hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qoruq ərazisində X-XIV əsrlərə aid Qala abidə kompleksi ilə də tanış olublar.
Dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoruq ərazisində Şahid Həbibullayevin şəxsi kolleksiyası əsasında Qala Əntiq Əşyalar Muzeyi yaradılıb. 
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Muzeydə 800 eksponat nümayiş etdirilir. Üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində əsasən, Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif bölgələrindən toplanıb, ABŞ, Almaniya, Avstriya, Rusiya, Fransa və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir. 
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb, Mehriban Əliyeva xatirə kitabını imzalayıb.  
Sonra dövlət başçısı və Azərbaycanın birinci xanımı orijinal üslubda inşa edilmiş karvansara-restoran ilə tanış olublar. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilmiş karvansara-restoranda turistlər Azərbaycan mətbəxinin ləziz nemətləri ilə tanış olacaqlar. Restoranın arxa bağçasındakı karvansarada 7-si açıq, 7-si isə qapalı olmaqla Şərq memarlıq üslubunda inşa edilmiş 14 kabinetdə turistlərin istirahəti üçün hər cür şərait yaradılıb.  
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirərək, tövsiyə və tapşırıqlarını verib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım