Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı” futbol klubunun yeni təlim-məşq bazasının istifadəyə verilməsi mərasimində iştirak edib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə məlumat verib ki, “Bakı” futbol klubunun təlim-məşq bazasının tikilməsi Azərbaycan futbolunun 100 illik yubiley tədbirləri istiqamətində atılan addımlardan biridir.
Təlim-məşq bazası ilə tanışlıq zamanı dövlət başçısına bildirilib ki, 5 hektara yaxın ərazidə inşa olunmuş kompleksə 5 stadion daxildir. Onlardan üçü təbii, ikisi süni örtüklüdür. Süni örtüklü stadionun biri açıq, digəri isə qapalıdır. Süni örtüklü stadionda yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, bu, regionda ən böyük qapalı futbol meydançasıdır. Uzunluğu 75, eni 45 metr olan meydançanın ümumi sahəsi 3375 kvadratmetrdir. Ən son texnologiyalar əsasında qurulan stadionun arakəsmə və üst qatında istifadə olunan materiallar odadavamlıdır. Avro-2 standartına uyğun süni örtük döşənən meydançanın tavanı İtaliyanın dünyada bu sahədə ixtisaslaşan nüfuzlu “Plasteco Milano” şirkəti tərəfindən hazırlanıb.
Sonra dövlət başçısı təlim-məşq bazasının mətbuat mərkəzində yaradılan şəraitlə tanış olub. Prezidentə məlumat verilib ki, uşaq futbolunun inkişafı diqqət mərkəzindədir. “Bakı” futbol klubunun da məqsədi ölkədə idmanın bu növü üzrə milli kadrların yetişməsinə nail olmaqdır. Bunun üçün seçmə üsulu ilə “Bakı” futbol klubuna cəlb olunmuş 8 yaşından 18 yaşına qədər uşaq və gənclər kompleksdə yaşayır və məşq edirlər. Uşaqlara və gənclərə futbolun sirlərini yerli kadrlarla yanaşı, Türkiyə və Bolqarıstandan dəvət olunmuş mütəxəssislər öyrədirlər
Prezident İlham Əliyev kompleksdə gənc futbolçuların yaşayış şəraiti ilə də tanış olub. Kompleksdə klubun Futbol Akademiyası da fəaliyyət göstərir. Burada bütün yaş qrupları üzrə məşqlərə cəlb edilən uşaqların yaşayış yerləri, təlim-məşq zalları yaradılmış, onların idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq quraşdırılıb. Gün ərzində həkim-mütəxəssislər gənc futbolçuların mənəvi-psoxoloji hazırlığı ilə məşğul olurlar.
İnzibati mərkəzin də yerləşdiyi akademiya binasında konfrans zalı, yeməkxana, soyunub-geyinmə otaqları, yüksək səviyyəli qonaqlar üçün oyunları müşahidə zalı yaradılıb. Bildirilib ki, hazırda akademiyada 400 uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Gələcəkdə bu rəqəmin artırılması nəzərdə tutulur. Ölkədə yeni nəsil futbolçuların yetişməsini qarşıya məqsəd qoyan “Bakı” futbol klubu son 7 ildə iki dəfə Azərbaycan çempionu olmuş, iki dəfə isə ölkə kubokunu qazanmışdır. “Bakı” Avropa Liqasının pley-off mərhələsinə yüksələn iki Azərbaycan klubundan biridir.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev “Bakı” futbol klubunun üzvləri və məşqçilərlə görüşüb. Dövlət başçısına “Bakı” futbol klubunun xatirə hədiyyəsi təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
Modern.az