Modern.az

Gəncədə 212,5 milyon dollarləq təməlqoyma (FOTOLAR)

Gəncədə 212,5 milyon dollarləq təməlqoyma (FOTOLAR)

Təhsil

8 Sentyabr 2011, 16:24

Gəncədə “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına başlanılıb. Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək və bu layihə Gəncə sakinlərini 24 saat içməli su ilə təchiz etməyə imkan verəcək.

Layihənin həyata keçirilməsi ilə əlaqədar bu gün rəsmi təməlqoyma mərasimi keçirilib. Mərasimdən əvvəl iştirakçılar “Göygöl-Gəncə su təchizatı qurğularının yerləşmə planı” və tikintinin texniki göstəriciləri ilə tanış olub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu layihənin həyata keçirilməsini tarixi hadisə adlandırıb və bunu Azərbaycan Prezidenti İlham Əliyevin qədim Nizami yurduna növbəti qayğı və diqqəti kimi dəyərləndirib.
Qeyd olunub ki, layihənin ilkin mərhələsində Gəncənin 50 % ərazisinin içməli su ilə təminatı nəzərdə tutulurdusa, İlham Əliyevin Gəncəyə səfərindən sonra şəhərin 24 saat içməli su ilə təminatı əsas vəzifə kimi qarşıya qoyulub.
Tədbirdə Almaniya və İsveçrə iqtisadi əməkdaşlıq təşkilatlarının və “KfW” bankının rəsmiləri çıxış edərək bildirib ki, bu möhtəşəm layihənin icrasına 212,5 milyon ABŞ dolları ayrılıb. İlkin mərhələdə layihəyə uyğun olaraq 4 min kub metrlik su anbarı inşa olunacaq, 24,5 kilometr uzunluğunda yeni magistral su kəməri çəkiləcək, xlorator binası tikiləcək və Göygöl suötürücü qurğuları bərpa ediləcək. 

Rəsmi hissədən sonra Elmar Vəliyev, Sabina Şaban və digər iştirakçılar tərəfindən layihənin təməli qoyulub. Qeyd edək ki, ilkin mərhələdə tikinti işlərinin 12 ay müddətində başa çatdırılması planlaşdırılır. İsveçrə Konfederasiyası, Almaniyanın “KfW” bankı və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihənin ikinci hissəsi olaraq Gəncə şəhərinin su sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.




Xaliq Qurbanov
Gəncə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım