Modern.az

Bahar Muradova: "Dünya dövlətlərinin Ermənistanın təcavüzünə «dur» demək imkanları var"

Bahar Muradova: "Dünya dövlətlərinin Ermənistanın təcavüzünə «dur» demək imkanları var"

Təhsil

8 Sentyabr 2011, 18:26

Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova hakim partiyanın saytına müsahibə verib. Modern.az onun müsahibəsini təqdim edir

- Bahar xanım, məlum olduğu kimi Ermənistanın qeyri-konstruktivliyi nəticəsində prezidentlərin Kazan görüşü nəticəsiz başa çatdı. Bu görüşdən sonra erməni tərəfi danışıqlar prosesinə zərbə vurmağa yönəlmiş bəyanatlar səsləndirməkdədir. Ermənistan prezidentinin Düşənbədə etdiyi çıxış da buna sübutdur. Belə olan halda proseslərin gedişini və perspektivini necə dəyərləndirmək mümkündür?

- Danışıqlar prosesinin hazırkı vəziyyət əlbəttə ki, hamını narahat edir. Çünki zaman-zaman ümidimizi hansısa görüşə vəbu görüşdə razılığın əldə olunacağına bağlasaq da, bu görüşlər və müzakirələr həmin ümidlərimizin yaxın zamanda doğrulmayacağını göstərən sonluqla başa çatır. Çox təəssüf ki, prezidentlərin son Kazan görüşü də belə oldu. Baxmayaraq ki, bu görüşə qədər əksər ekspertlər Kazan danışıqlarına çox böyük ümidlə baxırdılar. Hər dəfə olduğu kimi bu görüş də erməni tərəfinin qeyri-konstruktivliyini, erməni siyasətinin mahiyyətini ortaya qoydu. Ermənistan hakimiyyətinin bu görüşdən sonrakı hərəkətləri də onu göstərir ki, danışıqlar prosesində onlar ən azı qeyri-səmimidirlər. Hadisələr erməni tərəfinin yeritdiyi siyasətin mahiyyətini təşkil edən təcavüzün və onun nəticələrinin, status-kvonun qorunub saxlanmasına xidmət edən addımlar atdığını göstərir.
Kazan görüşündən sonra proseslərin gedişi bütün bunları təsdiq edir. Ona görə də, mən danışıqlar prosesinin indiki vəziyyətində nikbin notlar görmürəm. Doğrudur, Azərbaycan tərəfi hesab edir ki, danışıqlar prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun imkanları tam tükənməyib. Beynəlxalq təşkilatlar, o cümlədən, erməni maraqlarını öz siyasətlərində diqqətdə saxlayan dövlətlər prosesə müəyyən təsir göstərə bilərlər. Azərbaycan tərəfi danışıqlar posesinin davam etdirilməsinə maraqlı olduğunu bəyan edib və əməldə də bunu göstərir. Qarşı tərəf isə hər zaman olduğu kimi öz mövqeyində qalmaqda davam edir. Ermənistan tərəfindən danışıqları irəli aparmağa ümid verəcək fikirlər səslənsə də, dərhal ölkə daxilində baş qaldıran təzyiqləri nəzərə alaraq bu təzyiqləri aradan qaldırmağa hesablanmış əks-fikirlər də özünə yer tapır. Ona görə də, bu cür ziddiyyətli mövqelər erməni tərəfinin konstruktiv mövqedə dayanacağına ümidləri öldürür. Amma hər halda Azərbaycan, sadəcə olaraq danışıqlar prosesində iştirak etmir, həm də özünün iqtisadi və hərbi qüdrətini artırır. Gələcəkdə də ölkəmiz bu yöndə işini davam etdirməlidir. Hesab edirəm ki, dünyada siyasi yolla alınmayan qərarları hərbi yolla almağın mümkünlüyünü göstərən bir çox faktlar var. Bu faktlar göstərir ki, artıq dünya ölkələri, beynəlxalq təşkilatlar özünün yaratdığı, qəbul etdiyi beynəlxalq hüquq normaları və prinsiplərini çox zaman güc tətbiqindən arxaya atır. Ona görə mən hesab edirəm ki, Azərbaycan lazım gələndə öz hüququndan istifadəyə hazırlığını daim gücləndirməlidir. Bunu heç kəs başqa cür başa düşməməlidir.

- Bu bəyanatlar onu göstərmirmi ki, danışıqların limiti tükənib? Belə olan halda müvafiq beynəlxalq təşkilatlar hansı addımları atmalıdır?

- Beynəlxalq rıçaqların işlənmədiyi bir zamanda belə bir fikrin formalaşması təbiidir. Amma beynəlxalq güc balansını, beynləxalq dairələrin maraqlarını nəzərə alanda və lazım gəldiyi anda qəti hərəkətlər etməyə qadir olduğunu göstərən faktlar ortada olanda imkanların tükənmədiyi qənaətinə gəlmək olur. Sadəcə, bunun üçün siyasi qərar, konkret əməli fəaliyyət lazımdır. Necə ola bilir ki, bir ölkəyə qarşı anındaca addımlar atılır, digər ölkə üçün onilliklər sərf olunur. Burada məsələlərə ikili yanaşma, çoxüzlü standartlar ortadadır. Əlbəttə ki, beynəlxalq güclərin imkanlarının, hansı təsir rıçaqlarının olduğunu hamı bilir. Sadəcə, bundan istifadə üçün qərarlılıq ortada yoxdur. Qərar olsa ki, artıq bu münaqişəyə son qoymaq lazımdır, bunu anındaca etmək mümkündür. Yəni dünya dövlətlərinin Ermənistanın təcavüzünə «dur» demək imkanları var, onlar bunu edə bilərlər. Sadəcə, yenə deyirəm ki, qərar lazımdır.

- Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair məsələ BMT Baş Assambleyasının növbəti sessiyasının gündəliyinə daxil edilib. Sizcə, BMT müstəvisində müzakirələr prosesə necə təsir edə bilər?

- Bilirsiniz ki, bu məsələdə Azərbaycanla Ermənistanın mövqeyində fərqlər var. Ermənilər yalnız Minsk qrupu çərçivəsində hərəkət etməyə üstünlük verirlər. Çünki Minsk qrupu çərçivəsində fəaliyyətin nə olduğu ortadadır. Azərbaycan isə haqlı olaraq məsələyə fərqli yanaşır. Biz mövcud beynəlxalq imkanların hər birindən istifadəyə etməyi məqbul sayırıq. Hesab edirik ki, ölkəmiz beynəlxalq birliyin üzvü kimi bütün təşkilatlarda bir çox məsələlərə münasibət bildirən qərarların qəbulunda iştirak edirsə, bizi narahat edən məsələlərlə bağlı da qərarlar qəbul edilməlidir.
Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələri var. Ona görə də, BMT çərçivəsində bu məsələnin müzakirəsində təəccüblü heç nə yoxdur. Digər qurumlar da BMT-nin bir çox məsələlərə münasibətini çox zaman əldə rəhbər tuturlar və tutmalıdırlar. Bu nöqteyi nəzərdən BMT çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə də dair məsələnin yenidən müzakirə edilməsi və müvafiq qərarın qəbul olunması məqsədəuyğun olardı. Təbii ki, bu amil Azərbaycanın diplomatik mövqeyinin möhkəmlənməsinə xidmət edəcək. Həm də, bəzi dövlətlərin öz mövqelərinin dəqiqləşdirilməsi baxımından vacibdir. Bu gün ermənilər belə fikirlər işlədirlər ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunan zaman guya təşkilat üzvləri məsələnin mahiyyətindən o qədər də xəbərdar deyilmiş. Amma müasir dövrdə belə qərarların qəbulu artıq heç kimdə şübhə doğurmur, hansı ki, bir sıra təşkilatlar belə qərarlar qəbul ediblər.
BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə bu məsələnin daxil edilməsi önəmlidir. Çünki atəşkəs olduğu halda tez-tez dinc insanların həyatını itirdiyi, əmlakına ziyan dəydiyi, milli-mənəvi sərvətlərin talandığı dövrdə bu məsələyə münasibət bildirməyin özü həmin təşkilatın səlahiyyətinə daxil olan məsələdir. Bu baxımdan, BMT və digər beynəlxalq təşkilatlarda münaqişəyə dair vəziyyətin müzakirəsinin problemin həllinə müsbət təsiri ola bilər. Ümumiyyətlə, mən hesab edirəm ki, Azərbaycan tərəfindən münaqişə ilə bağlı həm ölkədə, həm də xaricdə tədbirlərin təşkil olunması əhəmiyyətlidir. Bütün bunlar reallıqların daha geniş miqyasda təbliği, müxtəlif dairlərdə münaqişə haqda obyektiv təsəvvürlərin formalaşması baxımından vacibdir.

- Bəs ATƏT Parlament Assambleyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin təşkil edilməsi gözlənilirmi?

- Qeyd edim ki, qurumun ötən yay sessiyası ərəfəsində biz bu məsələni qaldırmışdıq. ATƏT PA-nın sədri Petros Eftimiu Azərbaycana səfəri zamanı bu məsələ daha konkret şəkildə onun qarşısında qoyulmuşdu. O zaman Petros Eftimiu bildirdi ki, Minsk qrupu həmsədrlərinin iştirakı ilə ATƏT PA-nın sessiyalarının birində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr təşkil olunsun və mövcud durum haqda həmsədrlərin hesabatı dinlənilsin. Qurumun rəhbəri belə bir müraciətlə həmsədrlərə müraciət etmişdi, amma yay sessiyasında bu tədbir keçirilməsi alınmadı. Azərbaycan və erməni parlament nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyi görüşdə Petros Eftimiu bizə məlumat verdi ki, məsələ üzərində işini davam etdirir və qurumun payız sessiyasında belə dinləmələrin keçirilməsi baş tuta bilər. Əgər hansısa ciddi problem buna mane olacaqsa, məsələ qurumun qış sessiyasında müzakirəyə çıxarılacaq. Biz də çox böyük ümidlə gözləyirik ki, təşkilatın rəhbəri bu müzakirələrin reallaşmasına, həmçinin, münaqişənin ədalətli həllinə çalışacaq. Bu, təkcə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən tərəf kimi təkcə bizim üçün maraqlı deyil. Bununla, eyni zamanda ATƏT münaqişənin həlli prosesində iştirakını artırmağa çalışır. Əlbəttə ki, belə bir müzakirələrin təşkil edilməsi qurumun nüfuzunu artıracaq.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım