Modern.az-ın xəbərinə görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov əhalidən su pullarının yığılması ilə bağlı problemlərin olduğunu bildirib.
“Su pulunun yığılması bizim üçün çox əhəmiyyətli məsələdir. Çünki biri var dövlət yatırımları, böyük layihələr, biri də var ki, bizim istismar xərclərimiz. Bizim bütün istismar xərcləri istehlakçılardan yığılan vəsaitin üzərində oturur. Bu vəsaitdən həm işçilərin əmək haqqını veririk, həm də daxili bazanın gücləndirilməsi yönümündə istifadə edirik, eyni zamanda bir çox hallarda istismar xərclərində bizim cari təmirlər oturur. Bu baxımdan maksimum çalışırıq ki, istifadəyə verdiyimiz suyun pulunu yığa bilək və bunu qaytarıb yenidən mövcud kommunikasiyanın istismarına yönəldə bilək”.
Q.Hüseynov Nazirlər Kabineti ilə bir layihə üzərində işlədiklərini qeyd edib. “Gələcəkdə hündürmərtəbəli binalarda evlərin sanitar qovşaqlarında yerləşən su sayğaclarının hamısının pilləkən qəfəsinə çıxarılması nəzərdə tutulur. Sayğaclar pilləkən qəfəsdələrinə çıxarılandan sonra düşünürəm ki, həm su itkilərinin qarşısını almış olacağıq, həm də sayğacların oxunmasında əhali üçün narahatçılıq yaranmayacaq. Eyni zamanda ödənişlərdə problem olarsa, fərdi qaydada suyun kəsilməsinə yanaşma olacaq”.
Aytən ƏLİYEVA