Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “TOTAL” şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Modern.az Aztv-yə istinadən bildirir ki, Maykl Borrellin başçılıq etdiyi “Total” şirkətinin nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron blokunda iri qaz yatağının kəşf edilməsini ölkəmizin həyatında əlamətdar hadisə kimi dəyərləndirib və ölkəmizdə yeni qaz yatağının kəşf olunmasının Azərbaycanın dünyanın ən böyük qaz istehsal edən ölkələr sırasında mövqeyini daha da möhkəmləndirəcəyini vurğulayıb. Ölkə başçısı qeyd edib ki, bu əlamətdar hadisə Azərbaycanın neft və qaz potensialının indiyəcən təsdiqlənən ehtiyatlardan qat-qat çox olduğunun növbəti əyani sübutudur.
“TOTAL” şirkətinin baş vitse-prezidenti Mayk Borrell də Abşeron blokunda iri qaz yatağının kəşfinin mühüm hadisə olduğunu bildirib. Maykl Borrell “TOTAL” şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə uğurla əməkdaşlıq etdiyini deyib və Abşeron yatağında şirkətin həyata keçirdiyi işlər barədə ölkə başçısına ətraflı məlumat verib. Maykl Borrell Fransanın “TOTAL” şirkətinin Azərbaycanla əməkdaşlığının bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə Abşeron blokundakı yeni qaz yatağının texniki-iqtisadi göstəriciləri və perspektivdə görüləcək işlər barədə təqdimat verib.
Prezident İlham Əliyev Abşeron blokunda iri qaz yatağının kəşfi münasibətilə xalqımızı, bu layihənin reallaşmasında iştirak edən insanları təbrik edib və yeni-yeni uğurlar arzulayıb. Dövlət başçısı yeni yatağın Azərbaycanın regionda və dünyada mövqeyinin möhkəmlənməsinə, respublikamızın sosial-iqtisadi inkişafının daha da güclənməsinə və xalqımızın maddi-rifah halının yaxşılaşmasına mühüm təsir göstərəcəyini vurğulayıb.
Sonra Prezident İlham Əliyev Abşeron blokunda yeni qaz yatağının kəşfi münasibətilə mətbuata açıqlama verib. Prezident deyib ki, Abşeron blokunda yeni qaz yatağının kəşfi Azərbaycanın neft-qaz ölkəsi kimi də beynəlxalq imicinin durmadan möhkəmləndiyinə dəlalət edir.
“Azərbaycan regional əməkdaşlığa da töhfələrini əsirgəmir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayan Azərbaycan son illərdə daha da gücləndirilən məqsədyönlü, çoxşaxəli və balanslaşdırılan dövlət siyasəti nəticəsində hazırda dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Xarici şirkətlərin respublikamıza marağının daim artması ölkəmizdə əlverişli və etibarlı investisiya mühitinin yaradılmasının məntiqi nəticəsidir. Azərbaycan bundan sonra da sosial-iqtisadi inkişafını daha da gücləndirmək və beynəlxalq birliyə inteqrasiya yolunda səylərini artırmaqda israrlıdır”.
Modern.az