Azərbaycanın Ankaradakı səfirliyinin və Ankara şəhərinin Etimesqut Rayon Bələdiyyəsinin təşəbbüsü ilə “8-ci Beynəlxalq Anadolu Günləri” festivalı çərçivəsində “Azərbaycan gecəsi” təşkil olunub. Azərbaycanın Ankaradakı səfirliyindən Modern.az saytına verilən məlumata görə, ki, sentyabrın 10-da keçirilən tədbirdə, diaspor nümayəndələri, azərbaycanlı tələbələr, səfirliyin əməkdaşları və Ankara şəhərinin xeyli sakini iştirak edib.
Tədbirdə çıxış edən səfir Faiq Bağırov, bu cür tədbirlərin əhəmiyyətindən, xalqlarımızın dərin tarixi köklərə söykənən yaxınlığından və ölkəmizin belə tədbirlərə verdiyi əhəmiyyətdən söz açıb.
“Azərbaycan gecəsi”ndə səfirliyin təşəbbüsü ilə ölkəmizdən Ankaraya gətirilmiş musiqi və rəqs qrupu Azərbaycan musiqiləri və rəqsləri ilə tədbir iştirakçılarına xoş anlar yaşadıb.
Sözügedən festivalın keçirildiyi yerdə səfirliyimiz “Azərbaycan guşəsi” açıb. Ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi gücü ilə bağlı təbliğat xarakterli əyani materiallar “Azərbaycan guşəsi”ndə nümayiş etdirilməklə yanaşı, çoxsaylı tədbir iştirakçılarına paylanılıb.
Modern.az