Modern.az

Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru: “Hədə və şantajlara məruz qalıram”

Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru: “Hədə və şantajlara məruz qalıram”

Təhsil

12 Sentyabr 2011, 13:47

“Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən maliyyələşən layihələrin rəhbərləri gəmi kapitanıdır. Onlara kənardan kimsə müdaxilə, təzyiq edə bilməz. Onlara təzyiq edən şəxslər gələcəkdə bizim “qara siyahı”ya düşər”.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən keçirilən “Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə seminar və təqdimat” adlı tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev deyib. O, konkret ünvan göstərmədən hədələrə məruz qaldığını deyib: “Hədə və şantajlara məruz qalıram”.

E. Babayev EİF tərəfindən maliyyə ayrılmış layihə rəhbərlərinə istifadə edəcəkləri məhsulları alarkən diqqətli olmağı da tövsiyə edib: “Çalışın Rusiya və Türkiyə istehsalı olan cihazları almayın, onlar keyfiyyətsiz olur. Bəzən isə Rusiya şirkətləri ABŞ-da qeydiyyatdan keçərək fəaliyyət göstərir ki, onlardan nəsə alanda problem yaşanır. Çin, Almaniya və digər ölkələrin istehsalı olan cihazları almaq məsləhətdir”.

E.Babayevin sözlərinə görə, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihələrində şəffaflıq təmin olunub.
"Burada korrupsiyadan söhbət gedə bilməz. Belə bir şey varsa, tutduğum vəzifədən istefa verməyə hazıram”.

Elçin Babayev rəhbərlik etdiyi fondda şəffaflığın tam təmin olunduğunu, qurumun fəaliyyəti ilə bağlı bütün məlumatların Elmin İnkişafı Fondunun saytında yerləşdirildiyini deyib.
Xatırladaq ki, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu bu il elan etdiyi ilk müsabiqə çərçivəsində 82 layihəyə 6 milyon 600 min manat maliyyə vəsaiti ayırıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım