Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə Xəzər dənizinin Azərbaycan sektorunda kəşf olunan “Abşeron” yatağının ehtiyatlarından danışıb.
Xoşbəxt Yusifzadə bildirib ki, bu struktur Azərbaycan geofizikləri tərəfindən seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib və 1993-cü ildə axtarış qazmasına hazırlanıb. 1 avqust 1997-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində ARDNŞ və Podratçı tərəflər olan «Şevron» və «Total» şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Sazişə uyğun olaraq, podratçılar tərəfindən kəşfiyyat işləri proqramı həyata keçirilib, 634 kvadrat kilometr həcmində 3 ölçülü seysmik işlər aparılıb və strukturun cənub qanadında, dənizin dərinliyi 520 metr olan sahəsində bir axtarış quyusu qazılıb. Quyu texniki səbəbdən ləğv olunub və bununla da 2005-ci ilin dekabr ayında Sazişə xitam verilib.
İkinci dəfə «Abşeron» strukturu üzrə Hasilatın Pay Bölgüsü Sazişi 27 fevral 2009-cu il tarixində ARDNŞ, Fransanın “Total E&P Abşeron Bi.Vi.” şirkəti və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında imzalanıb.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, «Dünya praktikasında bu çox nadir hallarda rast gəlinən bir məsələdir ki, bir yataq üzrə ikinci dəfə kontrakt imzalansın». Sazişdə ARDNŞ-40%, Total – 40%, Gas de Franse - 20% paya malikdirlər. Sənəddə qeyd olunur ki, kəşfiyyat dövründə ARDNŞ Ortaq Neft Şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəflərin üzərinə düşür. Həmin tərəflər Saziş qüvvəyə mindikdən işlənmə proqramı təsdiqlənənə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin payının maliyyələşdirilməsini öz üzərlərinə götürürlər"-deyə X.Yusifzadə bildirib.
«Abşeron» bloku Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipellaqında, Bakı şəhərindən 85-100 km şərqə doğru dənizin təxminən 350-550 metr dərinliyində yerləşir. Saziş sahəsi 747 kvadrat kilometr təşkil edir. Sazişə uyğun olaraq, 3 illik kəşfiyyat müddəti ərzində saziş sahəsində fasilə lay dəstəsinə layihə dərinliyi 6600 metr olan 1 quyunun qazılması nəzərdə tutulub. Əlavə kəşfiyyat müddəti (3 il) ərzində layihə dərinliyi 6600 metrə qədər və layihə horizontu fasilə olan 2 quyu qazılmalıdır. 14 yanvar 2011-ci il tarixində Heydər Əliyev adına yarımdalma qazma qurğusu ilə dənizin dərinliyi 473,5 metr olan sahədə, qazma işlərinə başlanılıb (layihə dərinliyi 7200 metr, layihə horizontu Qala lay dəstəsi). Cari ilin sentyabr ayının 1-də quyunun dərinliyi 6568 metrə çatdırılıb. Quyuda aparılmış geofiziki tədqiqat işlərinin nəticəsi müsbət qiymətləndirilib. Fasilə lay dəstəsi və Balaxanı lay dəstəsinin VIII horizontu karbohidrogenlə doymuş hesab olunur. Quyuda qum laylarının ümumi effektiv qalınlığı 150 metrə çatır. Hazırda quyuya qoruyucu kəmərin buraxılması üçün işlər aparılır.
Xoşbəxt Yusifzadə qeyd edib ki, ARDNŞ-nin ilkin hesablamalarına görə, «Abşeron» yatağının ehtimal olunan karbohidrogen ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir.
ARDNŞ-nin 1-ci vitse-prezidenti deyib ki, “Abşeron” strukturundan qaz hasilatı 2020-2022-ci ilə təsadüf edəcək.
Xoşbəxt Yusifzadənin sözlərinə görə, Azərbaycanda sübut edilmiş qaz ehtiyatlarının həcmi 2,55 trilyon kubmetrədək artıb:
“Əgər bundan öncə ölkənin qaz ehtiyatları 2,2 trln. kubmetr həcmində qiymətləndirilirdisə, “Abşeron” strukturunun açılması ilə bu həcm 2,550 trilyon kubmetrədək çatacaq. Belə ki, strukturun qaz ehtiyatları 350 milyard kubmetr həcmində qiymətləndirilir. Bununla yanaşı, Azərbaycanın “Babək” strukturunda qaz ehtiyatları 400 milyard kubmetr, “Ümid”də 300 milyard kubmetr həcmində qiymətləndirilir. Eyni zamanda, “Asiman”, “Şəfəq”, “Naxçıvan” və s. strukturlar ölkənin qaz balansını artıracaq və Azərbaycana olan diqqət bir qədər də artacaq”.
Xəzərin Azərbaycan sektorunda yerləşən digər böyük yataq olan «Şahdəniz» yatağının ümumi ehtiyatları isə 1,2 trilyon kubmetr həcmində qiymətləndirilir.
Mail Ağaxanov