2010- cu ilin yazında baş verən Kür daşqınlarından 16 ay keçir. Ötən müddət ərzində hələ də yüzlərlə ailə var ki, daşqınların onlara vurduğu ziyan aradan qaldırılmayıb. Amma əvəzində təsirə məruz qalmayan bir çox insanlara ev tikilib, kompensasiya verilib. İnsanlar arasında ayrı- seçkiliyin edilməsi, ədalətsizliyə və korrupsiya hallarına yol verilməsi narazı qalan vətəndaşları müxtəlif aksiyalara və etiraz tədbirləri görməyə sövq edir.
Bu insanlardan biri də Kür daşqınlarının təsirinə məruz qalmış Sabirabad rayonunun Ulacalı kənd sakini Cabbarov Asif Əlikram oğludur. Ötən ilin yazında baş verən daşqınların onun evini və təsərrüfatını yarasız hala saldığını bildirən zərərçəkən Prezidentə yazdığı məktubda üzləşdiyi ədalətsizlikdən, haqsızlıqdan və insan kimi yaşamağın mümkünsüzlüyündən intihar etmək qərarına gəldiyini bildirib.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Sabirabad rayonunun Ulacalı kənd sakini Cabbarov Asif Əlikram oğlu ilə əlaqə saxlayaraq onun problemi ilə maraqlanıb. Hazırkı yaşayış vəziyyəti və evinin durumunu yerindəcə araşdırmaq üçün Qərargah üzvləri Ulacalı kəndinə səfər etməyi qərara alıblar.
Qərargahdan Modern.az-a bildirblər ki, Asif Cabbarov Prezidentə yazdığı məktubun surətini “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına göndərərək hazırkı durumu, ailə vəziyyəti və yaşayışı barədə onları məlumatlandırıb.
“Daşqınlar evimi təsərrüfatımı dağıdıb, yararsız hala salıb. 16 aydır ki, hökümətdən bir manat da olsun yardım almamışam. 5 nəfərlik ailəyik. Az yaşlı 2 uşağım xəstədir. Uşaqlardan biri sağalmaz xəstəliyə düçar olub. Bud- çanaq sümüyündə çürümə gedir. Yoldaşımın bir gözü görmür. Sel evimi dağıdıb. Evin bir tərəfinə hazırda çadır qurub yaşayıram. Əgər buna yaşamaq demək mümkündürsə. Heç yerdən gəlirim yoxdur, bütün təsərrüfatımızı, dolanışıq yerimizi də sel dağıtdı. Yazmadığım yer, müraciət etmədiyim dövlət idarəsi qalmayıb. 10 dəfə FHN- də qəbulda oldum. Heç kim bizi eşidib dərdimizə çarə qılmaq istəmir istəmir. Ailəmi dolandıra bilmirəm. Xəstə, ac uşaqlarımın üzünə baxa bilmirəm. Bu cür yaşamaqdansa şərəflə ölmək daha yaxşıdır. İntihar etmək qərarına gəlmişəm. Cənab prezident, ya məni qəbul edin, dərdimi dinləyin, ya da mən intihar edəcəm. Başqa yolum yoxdur”-deyə məktub müəllifi yazıb.