“QS World University Rankings-2011” reytinqinə görə Bakı Dövlət Universiteti (BDU) dünyanın 700 top universitetinin siyahısına daxil olub və 643-cu yerdə qərarlaşıb. Bu məqsədlə müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumat təhlil edilib və nəticədə 712 ali məktəb reytinqə daxil olub. Məlumat Modern.az-a BDU-nun Mətbuat və informasiya şöbəsindən daxil olub.
Dünyanın ən yaxşı təhsil müəssisələrinin siyahısına bu il daha 80 yeni universitet əlavə edilib. Onlardan 18-i Mərkəzi Avropa və keçmiş Sovet İttifaqı məkanında yerləşən universitetlərdir. Qiymətləndirmə zamanə beş əsas göstərici nəzərə alınıb: tələbə və professorların nisbəti, tələbə və professor-müəllimlərin beynəlmiləlləşdirilmə səviyyəsi, sitat gətirmə indeksi, işəgötürənlər arasında nüfuzu və akademik nüfuzu.
Bu yaxınlarda Parisdə keçirilən YUNESKO-nun son konfransında hazırda dünyada 20,000 ali məktəbin mövcud olduğu qeyd olunub. 700 top universitetlər siyahısına düşmək dünyada 4% təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir.
Qeyd etmək lazımdır ki, “QS World University Rankings” (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symondsdur) və ARWU-500 (Academic Ranking of World Universities, Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır.
Modern.az