Modern.az

Bahar Muradova ATƏT PA-da qaldıracaqları məsələlərdən danışdı

Bahar Muradova ATƏT PA-da qaldıracaqları məsələlərdən danışdı

Təhsil

12 Sentyabr 2011, 17:57

«ATƏT Parlament Assambleyasının payız sessiyası oktyabrın 7-dən 10-dək Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək. Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə bağlı məsələ bu sessiyada da qaldırılacaq». Bunu hakim partiyanın saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. B.Muradova bildirib ki, sessiyada Cənub-Şərqi Avropa regionundakı problemlər müzakirə ediləcək, o cümlədən, məcburi köçkün və qaçqınlar problemi, insan alveri və digər məsələlər diqqət mərkəzində olacaq. Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə qurumda Dağlıq Qarabağ probleminin müzakirə edilməsi təşəbbüsü ilə çıxış edib.
«Payız sessiyasında belə bir müzakirələrin keçirilməsi reallaşa bilər. Çünki təşkilatın rəhbəri bunun üçün çalışacağını, həmsədrlərin hesabatını təşkil edəcəyini bildirib. ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, təşkilatın fəxri sədri J.Suareş də belə bir tədbirin keçirilməsində maraqlıdır. Bizim mövqeyimiz bundan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi daim beynəlxalq təşkilatların gündəmində olmalıdır. Nümayəndə heyəti olaraq növbəti sessiyada da torpaqlarımızın işğalı, məcburi köçkünlərin vəziyyəti barədə məlumatlar Avropa parlamentarilərinin diqqətinə çatdırılacaq»- deyə nümayəndə heyətinin rəhbəri vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım