Sentyabrın 12-də millət vəkili Qənirə Paşayeva Misirin ən aparıcı təhsil ocaqlarından biri olan Eyn-Şəms Universitetinin müəllimi, Azərbaycanşünas alim Dr.Əhməd Sami ilə görüş keçirib. Görüşdə Əhməd Sami millət vəkilinə çalışdığı Eyn-Şəms Universitetində Azərbaycan dilinin tədrisi ilə bağlı fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan dili universitetin türk dili və ədəbiyyatı kafedrasının nəzdində ikinci dil olaraq tədris olunur. Qonaq qeyd edib ki, ötən tədris ilində o, 50-dən artıq misirli tələbəyə Azərbaycan dilini tədris edib. Həmçinin bu rəqəmin qarşımızda gələn yeni tədris ilində 100-ə çatacağını vurğulayan alim bildirib ki, tədris prosesində universitetin tələbələrinə Azərbaycanın ədəbiyyatı, tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, xüsusilə ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi haqqında dolğun məlumatlar verilir. O həmçinin doktorantura pilləsində təhsil alan misirli tələbəyə Azərbaycan ədəbiyyatı ilə bağlı dissertasiya mövzusu verildiyini qeyd edib.
Ötən il Misirə səfəri çərçivəsində Eyn-Şəms Universiteti rəhbərliyi ilə görüşlər keçirdiyini və toplantılarda iştirak etdiyini deyən millət vəkili universitetdə Azərbaycan dilinin tədris olunmasının, tələbələrə Azərbaycanın ədəbiyyatı, tarixi, zəngin mədəniyyəti, ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi haqqında məlumatların verilməsini yüksək qiymətləndirmiş və bu işlərin getdikcə daha da artmasının önəmini vurğulayıb.
Millət vəkili tələbələrə Azərbaycan dilini yüksək səviyyədə tədris etdiyinə görə Əhməd Samiyə təşəkkür edib. Qənirə Paşayeva Əhməd Samiyə Azərbaycan-Misir Dostluq Qrupunun üzvü kimi bundan sonra da əllərindən gələn dəstəyi əsirgəməyəcəklərini bildirib. O, Əhməd Samiyə Azərbaycan həqiqətləri ilə bağlı bir neçə kitabın ərəb dilinə tərcümə olunması və Misirdə yayılması təklifi ilə çıxış edib və bunun reallaşması üçün lazım olan dəstəyi göstərəcəklərini vurğulayıb. Bunun çox vacib olduğunu vurğulayan Əhməd Sami bu təklifi qəbul edib və bu istiqamətdə fəaliyyətini genişləndirəcəyini deyib.
Qonaq bildirib ki, o eyni zamanda Misirdə yeni təsis olunmuş Qahirə Türk Araşdırmaları Mərkəzində Azərbaycan bölməsinin açılmasına nail olub və hazırda həmin bölməyə rəhbərlik edir. Bu bölmənin əsas hədəfi ölkəmizlə bağlı konfranslar, tədbirlər keçirmək və Azərbaycanı Ərəb dünyasına, o cümlədən Misir ictimaiyyətinə tanıtmaqdır.
Əhməd Sami çağdaş Azərbaycan nəsri ilə bağlı antologiya hazırladığını, bu ilin sonlarında həmin kitabın Qahirədə nəşr olunacağını bildirib.
Modern.az