Modern.az

Sabiq deputat ermənilərin Polşadakı hərəkətlərindən danışdı

Sabiq deputat ermənilərin Polşadakı hərəkətlərindən danışdı

14 Sentyabr 2011, 12:25

7-10 sentyabrda Polşanın Krınıtsya şəhərində İqtisadi Forum keçirilib. Bu forum əhəmiyyətinə görə "İkinci Davos" adlandırılır. Forumda bir çox ölkələrin prezidentləri, baş nazirləri, deputatları, Avropa Birliyinin sədri,  tanınmış iqtisadçılar iştirak ediblər.

Diqqəti çəkən forumda gərginliyin yaşanması olub.  Belə ki, Cənubi Qafqazla bağlı panel başlayan kimi tədbirdə iştirak edən ermənilər spikerlərin əyləşdiyi masanın önünə guya Naxçıvanda dağıdılmış abidələrin şəkillərini  düzməyə başlayıblar.  Azərbaycanlı iştirakçılar şəkilləri yığışdırmağa cəhd göstərsələr də, panelə moderatorluq edən Avropada Erməni Təşkilatları Forumunun prezidenti Aşot Qriqoryanın sərt reaksiyası ilə qarşılaşıblar.

Forumda iştirak edən sabiq deputat Nazim Məmmədov da olay barədə Modern.az-a məlumat verib.

O, bildirib ki, artıq bu məsələ ilə bağlı forumun təşkilatçıları tərəfindən ona gələn məktublardan məlum olub ki, növbəti ildən forumda yalnız iqtisadi məsələlərin müzakirəsinə yer veriləcək: “Çünki bu il də daxil olmaqla, son iki ildə mənim iştirak etdiyim forumlarda gündəlikdə iqtisadi mövzular durmasına baxmayaraq, ermənilərin müxtəlif siyasi bəyanatlarla çıxışları olur. Hər il olduğu kimi bu il də məsələ təkrar olundu və təbii ki, bunun qarşısı da alındı”.

Sabiq millət vəkilinin sözlərinə görə, daha çox xaricdə yaşayan ermənilərin diaspor təşkilatları bu iqtisadi forumlardan öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərirlər. N.Məmmədov bununla bağlı təşkilatçılara tutduğu iradın öz yerini tapdığına əmin olduğunu vurğulayıb.

“Slovakiyada yaşayan erməni diaspor təşkilatının rəhbəri, yəni Avropa Erməni Forumunun prezidenti Aşot Qriqoryan bu tipli forumlarda müxtəlif çap məlumatları, “Azərbaycanın mədəni genosidi, soyqrımı” adı altında kitab, müxtəlif xəritələr, şəkillər göstərirdi ki, guya Azərbaycanın ərazisində, faktiki olaraq Naxçıvanın ərazisində erməni abidələri dağıdılır.

Eyni zamanda Aşot Qriqoryan qeyd etdi ki, guya YUNESKO tərəfindən Parisdə keçirilən tədbirdə bunun sərgilənməsinə qadağa qoyulmuşdu. Ona görə də erməni təşkilatları YUNESKO-nu da Beynəlxalq Məhkəməyə vermək haqqında düşünürlər. Onlar eyni zamanda Heydər Əliyev Fondu tərəfindən YUNESKO-ya verilən ianəni də Qərb mətbuatı və tədbirlərində rüşvət kimi qiymətləndirir və bunu bizə irad tuturlar. Baxmayaraq ki, Heydər Əliyev Fondu həm Azərbaycanın daxilində, həm də xaricində müxtəlif tədbirlərə sponsorluq edir, bu normal qarşılanır, sadəcə olaraq artan nüfuzumuz erməniləri narahat etdiyindən onlar belə hərəkət edirlər” deyə sabiq deputat əlavə edib.

Nazim Məmmədov bu baxımdan tədbiri yarımçıq saxlamaqla bağlı təşəbbüs irəli sürdüyünü və paneldə iştirak edən azərbaycanlılar tərəfindən bunun dəstəkləndiyini qeyd edib.

“Mənim təşəbbüsüm oldu ki, biz bu tədbiri yarımçıq saxlamalıyıq və təşkilatçılar tərəfindən bu yanlışlıq, yəni ora qoyulmuş xəritələr, şəkillər, paylanılmış kitablar yığışdırılmalı və bu yalançı təbliğat kampaniyasına son qoyilmalıdır. Təklif paneldə iştirak edən azərbaycanlılar tərəfindən dəstəkləndi və onlar paneldən kənara çıxdılar. Təbii ki, təşkilatçılar tərəfindən bu olay ortadan qaldırıldıqdan sonra onlar geri qayıtdılar. Əsas odur ki, biz erməni təbliğatına yol vermədik və bunun qarşısı alındı. Bu gün mənə ünvanlanmış elektron məktublar onu təsdiqləyir ki, təşkilatçılar bütün bu məsələlərdən düzgün nəticə çıxardıblar və gələn ildən İqtisadi Forum artıq öz məcrasına qayıda bilər”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım