Modern.az

“Qafqaz İslam Ordusu”...

“Qafqaz İslam Ordusu”...

Təhsil

14 Sentyabr 2011, 17:48

Azərbaycan tarixində ən mühüm səhifələrdən biri də 15 sentyabrdır. Məhz bu gün ermənilərin, rusların və digər millətlərin nəzarətində olan Bakı şəhəri yad qüvvələrdən azad olunaraq yenidən öz əbədi sahiblərinə qaytarılıb. Bu hadisə ilə Bakının Azərbaycana və azərbaycanlılara, həmçinin Azərbaycanı dəyərləndirən hər bir kəsə məxsus olduğu bir daha təsdiqlənib. Bu günün tarixi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan-Turkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) layihəsi cərcivəsində Azərbaycan Turkiyə İş Adamları Birliyinin (ATİB) maliyyə dəstəyi ilə “Qafqaz İslam Ordusu” adlı kitabça nəşr olunub. Könül Muxtar tərəfindən hazırlanan 25 səhifəlik kitabçada “Qonşuların xəyanəti”, “Təhlükə ilə üzbəüz və təkbətək”, “Qardaş diqqəti”, “Qafqaz İslam Ordusu–Azərbaycanın xilası”, “Göydən enmiş xilaskar”, “Bir az geciksəydilər...”, “Bakının fəthi”, “Dərbəndin və Mahacqalanın xilası, Azərbaycanın azad olunması” və “Bir millət, iki dovlət” başlıqları altında Azərbaycan Demokratik Cümhuriyyətinin elan edilməsinə qədərki və bundan sonrakı dövrlərdə cərəyan edən siyasi-tarixi hadisələr, xüsusən də Bakının yadelli qoşunlardan azad edilməsi dəqiq faktlarla oxucuların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, Şimali Azərbaycan car Rusiyası tərəfindən işğal olunduqdan sonra (1828-ci il) regionda Azərbaycan anlayışı ortadan qalxaraq Cənubi Qafqaz və ya Zaqafqaziya məfhumu meydana cıxıb. Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşədin) bölünüb. Ruslar üçün Azərbaycan yox, Zaqafqaziya mövcud olub. Ona görə də Zaqafqaziyada xristian əhalinin sayının artırılması üçün müsəlman türklərin Cənubi Azərbaycana köçmələri üçün müxtəlif təzyiqlər göstərilib. 1917-ci ilin fevralında Rusiyada Romanovlar mutləqiyyəti devrildikdən sonra monarxiyanın süqutu nəhəng imperiyanın bütün milli bölgələrində istiqlal arzularını gundəmə gətirib. Müvəqqəti hökumətin elan etdiyi Müəssislər Məclisində təmsilçilik bu istiqamətdə ilk mərhələ olub. 1917-ci ilin oktyabrındakı bolşevik çevrilişi nəticəsində Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilməyiblər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini (Zaqafqaziya Parlamentini) yaradıblar. Məhz bu fraksiyanın təşəbbüsü ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan edib və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradılıb. Aprelin 28-də isə Zaqafqaziya Demokratik Federativ Respublikası Osmanlı dövləti tərəfindən tanınıb.

Kitabçada o zaman almanların, ingilislərin və rusların gözünün neft yataqları ilə zəngin Bakıda, gürcü və ermənilərin gözünün Azərbaycan torpaqlarında olduğu göstərilib. Həmin illərdə dolayısı ilə Azərbaycanı və Azərbaycan xalqını yox etmək planı gizli şəkildə quvvəyə minib. Belə ki, almanlar gürcüləri, ingilis və ruslar isə erməniləri dəstəkləyib.

Zaqafqaziya Demokratik Federativ Respublikasının elanından cəmi 16 gun sonra–may ayının 14-də Gürcü Milli Şurasının gizli iclası kecirilib və qərara alınıb ki, general fon Lossov vasitəsilə Gürcüstana qəyyumluq gostərmək üçün Almaniya hokumətinə muraciət edilsin. General fon Lossov bildirib ki, əgər Gürcüstan Zaqafqaziya Federasiyasının tərkibindən cıxıb mustəqilliyini elan edərsə, Almaniya Gürcüstanın qəyyumluğunu üzərinə götürəcək. Artıq mayın 22-də gürcü numayəndəliyi müstəqillik elan etmək haqqında qəti qərara gəlib. Mayın 25-də Almaniya ilə Gürcüstan arasında gizli şəkildə muqavilə imzalanıb. Beləliklə, Batum konfransında Almaniya numayəndələri ilə separat danışıqların gedişində Zaqafqaziya Seyminin gürcü fraksiyası Gürcüstanın Zaqafqaziya Demokratik Federativ Respublikası tərkibindən cıxmasını və müstəqilliyini elan etməsini qərara alıb. Azərbaycan tərəfinin bütün etirazlarına baxmayaraq, əvvəlcə Gürcüstan, ardından Ermənistan Zaqafqasiya Demokratik Federativ Respublikasından ayrılaraq, dövlətlərini qurmaq qərarı alıblar. Əslində, bununla erməni və gürcülərin niyyəti başqa idi. Bakı və dolayısı ilə Azərbaycan 1917-ci ilin oktyabr ayından işğal altında saxlanıldığından 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir İlic Lenin erməni əsilli Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərdi. Bununla bolşeviklər ermənilərin də yardımı ilə Bakıda hakimiyyəti ələ kecirdilər. 18-31 mart 1918-ci il tarixləri arasında isə Bakıda Azərbaycan xalqı və müsəlmanlar bolşevik erməni-rus birləşmələrinin kütləvi qırğınlarına məruz qaldılar.

Yeni nəşrdə Tiflisdə elan edilən Azərbaycan hökumətinin əslində gürcülərə, ermənilərə, almanlara, ingilislərə və ruslara da sərf etdiyi vurğulanıb. Bildirilib ki, onlar bu hökumətə təzyiq edərək Azərbaycandan qopardıqları mənfəətlərə (torpaq və s. ) hüquqi don geyindirməyi bacaracaqlarını düşünüblər. Fikirləşiblər ki, Azərbaycan təkləndiyindən təzyiqlərə davam gətirə bilməyib hər cür tələbin olduğu sənədə imza atmaq məcburiyyətində qalacaq. Məhz buna görə Gürcü və ermənilər tez bir zamanda dövlətlərini qurmaq və işğal altındakı Azərbaycandan torpaq qoparmaq niyyətində olublar. 26 may 1918-ci ildə əvvəlcə gürcülər, daha sonra da ermənilər müstəqilliklərini elan ediblər. Azərbaycan tərəfi isə 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qurulduğunu elan eləyib. Amma Azərbaycan işğal altında olduğundan hokumət Tiflisdə fəaliyyət göstərmək məcburiyyətində qalıb.

Azərbaycandakı bu hadisələri yaxından izləyən Osmanlı dövlətinin hərb naziri Ənvər Paşa Cənubi Qafqazdakı müsəlmanlara yardım məqsədi ilə Qafqaz İslam Ordusu üçün hazırlıqlara başlayıb. Osmanlı dövləti və Azərbaycanın Tiflisdəki hökuməti arasındakı bu münasibət düşmənlərin bütün planlarını alt-üst edib. 1918-ci il iyunun 4-də Batumda istiqlaliyyətini yenicə elan etmiş Azərbaycan Cümhuriyyəti hökuməti ilə Osmanlı hökuməti arasında bağlanmış müqavilənin IV maddəsində qeyd olunub ki, “ehtiyac olduğu təqdirdə Osmanlı hökuməti qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Cümhuriyyətinə silahlı qüvvələrlə yardım etməyi” öhdəsinə götürür. Hələ bu hadisələrdən əvvəl Osmanlı hərb naziri Ənvər Paşa ögey qardaşı Nuru Paşanı rəhbərliyindəki bir heyətlə Gəncəyə göndərib. Qafqazdakı siyasi vəziyyəti nəzərə alan Osmanlı dövləti Bakıda hakimiyyətin ermənilərin əlinə keçməsindən sonra bəzi tədbirlər almağı qərarlaşdırıb. Erməni və rusların Bakını işğalından sonra 22 mart 1918-ci ildə Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın imzaladığı bir qərarla Qafqaz Ordusunun qurulması üçün lazımi fəaliyyətlərə başlanılıb. Nuru Paşanın komandanlığındakı heyət 1918-ci ilin aprel və may aylarında Mosuldan cıxaraq Ravanduz, Savcabulak, Təbriz yolu ilə Azərbaycanın Zəngəzur bolgəsinə catıb. 25 may tarixində isə Nuru Paşa Gəncə şəhərində qərargahını qurub. Nuru Paşa döyüşləri Gəncədən başlayaraq Göycay, Ucar, Qaraməryəm, Şamaxı, Şəki, Quba, Salyan, Neftcala, Bakı, Qarabağ və son olaraq Dərbənddə davam etdirərək, adıçəkilən əraziləri duşməndən təmizləyib.

Kitabçada “Bakının fəthi” başlığı altındakı bölümdə paytaxt şəhərimizin yadellilərdən təmizlənməsi anı maraqlı faktlarla oxuculara çatdırılıb. Bildirilib ki, 14 sentyabrda, gecə saat 02:00-da Qafqaz İslam Ordusunun hərbiçilərinə əsas hucum V Qafqaz diviziyası istiqamətindən olmaqla hucum əmri verilib. Böyük manevr təcrübəsinə malik olan türk ordusunun aldatma xarakterli bu hücumu ilə düşmən aldadılıb və iki alayın başqa istiqamətdən gizli hücumu nəticəsində itki verilmədən düşmənin ön müvqeləri ələ kecirilib. Qafqaz Ordusunun bütün gücü ilə sürətli hücumu qarşısında çaşbaş qalan düşmən Bakı istiqamətində geri cəkilməyə başlayıb. 15 sentyabr tarixində gündüz saatlarında da hücum davam etdirilib və saat 15.00-da Bakıda nəzarət tamamilə ələ kecirilib. Artıq 14-15 sentyabr tarixlərində içində erməni və rusların yuksək rütbəli şəxsləri və çox sayda əsgərləri olan gəmilər Bakını tərk edib. Məğlubiyyəti qürurlarına sığışdırmayan düşmən neft quyularını yandırıb. Şəhərdə nəzarət tam ələ kecdikdən sonra 16 sentyabr 1918-ci il tarixində əvvəl Qafqaz Ordusunun qərargahı, daha sonra isə Azərbaycan Demokratik Respublikasının hökuməti müvəqqəti olaraq fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Beləliklə, Qafqaz İslam Ordusu 1918-ci il sentyabr ayının 15-də Bakı şəhərini tutub və Azərbaycan Demokratik Respublikası hökumətinin paytaxta köçməsi üçün şərait yaradıb. Qafqaz İslam Ordusu Bakını daşnaklardan, eserlərdən və ingilislərdən təmizləyib, şəhəri Azərbaycan Demokratik Respublikasının rəsmi paytaxtına cevirib, Azərbaycanı təhlükədən xilas edib, bütün ölkəyə nəzarəti hökumətin sərəncamına verib.

Rufik İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım