Prezident İlham Əliyev sentyabrın 14-də Bakının Sabunçu, Nizami, Suraxanı, Nəsimi və Qaradağ rayonlarında orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
İlham Əliyev əvvəlcə paytaxtın Sabunçu qəsəbəsindəki 170 nömrəli orta ümumtəhsil məktəbində aparılan təmir və yenidənqurma işləri ilə tanış olub. Burada həyata keçirilən əsaslı təmir və bərpa işləri barədə dövlət başçısına məlumat verilib. Bildirilib ki, 170 nömrəli məktəbin binasının birinci korpusu 1928-ci ildə inşa edilib və hospital kimi fəaliyyət göstərib. 1932-ci ildə isə fəaliyyətini 120 şagird yerlik orta məktəb kimi davam etdirib. İkinci korpusun inşasından sonra isə məktəbdə 420 şagirdin təhsil alması üçün şərait yaradılıb. Hazırda 170 nömrəli məktəbdə 900 şagird təhsil alır. Dərslər iki növbədə tədris olunur. Ümumi sahəsi 1425 kvadratmetr olan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ən müasir tələblərə uyğun şəkildə həyata keçirilib.
Sabunçu qəsəbəsindəki 170 nömrəli orta ümumtəhsil məktəbində aparılan təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlət başçısı Nizami rayonundakı Kamil Əliyev adına 61 nömrəli məktəbə gəlib. Burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, 61 nömrəli məktəbin binası 1965-ci ildə inşa edilib. Binanın ümumi sahəsi 4030 kvadratmetrdir. 960 şagird yerlik məktəbdə 650 şagird təhsil alır. Məktəbin binası Dövlət Proqramına uyğun olaraq həyata keçirilən tədbirlər planı çərçivəsində əsaslı şəkildə təmir olunub, tədris üçün lazımi şərait yaradılıb. Məktəbin yerləşdiyi küçəyə yeni asfalt örtüyü döşənib, ətraf ərazi abadlaşdırılıb.
Sonra Prezident İlham Əliyev Suraxanı rayonundakı Bünyadəli Qulamoğlu adına 285 nömrəli orta ümumtəhsil məktəbində həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılmış şəraitlə tanış olub. Təmir və bərpa işləri barədə Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, məktəbin binası 1990-cı ildə inşa edilib. 1396 şagird yerlik 285 nömrəli məktəbdə 930 şagird təhsil alır. Dövlət Proqramı çərçivəsində məktəb əsaslı şəkildə yenidən qurulub, ayrı-ayrı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar müasir standartlara uyğun şəkildə təmir olunub və lazımi avadanlıqla təchiz edilib. Məktəbin iki örtülü və iki açıq idman meydançası da yüksək səviyyədə yenidən qurulub. Məktəbin yerləşdiyi küçəyə yeni asfalt döşənib, təhsil ocağının ətrafı abadlaşdırılıb.
İlham Əliyev Nəsimi rayonundakı 44 nömrəli məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə də tanış olub. Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Bildirilib ki, 44 nömrəli məktəbin binası 1922-ci ildə hərbi hospital kimi inşa edilib. Məktəbin ikinci korpusu isə 1980-ci ildə istifadəyə verilib. 1100 şagird yerlik məktəbdə 470 şagird təhsil alır. Əsaslı təmirə başlamazdan əvvəl məktəbin binası qəza vəziyyətində idi. Ümumi sahəsi 6700 kvadratmetr olan binada təmir və bərpa işləri ən müasir standartlara uyğun şəkildə həyata keçirilib. Yenidənqurma işlərindən sonra məktəb lazımi tədris avadanlığı ilə təchiz edilib. Təmir edilmiş bütün məktəblərdə olduğu kimi burada da müasir kompyuter sinifləri yaradılıb, sinif otaqlarında isə yeni partalar və elektron lövhələr quraşdırılıb. Məktəb müasir istilik sistemi ilə təmin edilib.
Prezident Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 139 nömrəli orta məktəbə gəlib. Dövlət başçısına məlumat verilib ki, bu məktəbin birinci korpusu 1957-ci ildə inşa olunub. 2006-cı ildə isə yardımçı korpus istifadəyə verilib. Şagird sıxlığı nəzərə alınaraq 2011-ci ildə Dövlət Proqramına uyğun olaraq 16 əlavə sinif otağı və bir yeməkxana inşa olunub. Bundan əlavə, ümumi ərazisi 3000 kvadratmetr olan məktəbin əvvəlki iki korpusunda da əsaslı şəkildə təmir və bərpa işləri aparılıb. 1,2 hektar həyətyanı sahədə abadlaşdırma tədbirləri həyata keçirilib. Fənn kabinetləri, sinif otaqları ən müasir səviyyədə yenidən qurulub, kompyuter sinfi yaradılıb. 139 nömrəli məktəbdə də müasir istilik sistemi quraşdırılıb.
Məktəbdə aparılan təmir və yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlət başçısı Lökbatanda qəsəbədaxili yollarda həyata keçirilən işlərlə də tanış olub. Yenidənqurma işləri barədə Prezidentə məlumat verilib. Bildirilib ki, 173 min 600 kvadratmetr qəsəbədaxili yol sahəsinə ikiqat asfalt örtüyü döşənib, 24 min kvadratmetr yol sahəsinə isə asfalt döşəmək üçün hazırlıq işləri başa çatıb. Bundan əlavə, Lökbatan qəsəbəsində 252 min kvadratmetr qəsəbədaxili yol sahəsinin asfaltlaşdırılması da nəzərdə tutulur. Qəsəbədaxili küçələrdə yol xətləri təzələnib, işıq dirəkləri yeniləri ilə əvəz edilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Piyadaların gediş-gəlişi üçün səkilər abadlaşdırılıb.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Modern.az