Modern.az

Qüdrət Həsənquliyev imtahandakı şəffaflıqdan danışdı

Qüdrət Həsənquliyev imtahandakı şəffaflıqdan danışdı

19 Sentyabr 2011, 16:02

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

İctimai-siyasi vəziyyətlə bağlı məsələnin müzakirəsindən sonra BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İdarə Heyətinin üzvlərinə sentyabrın 18-də Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlər üçün Bakı İdman Sarayında keçirilən test imtahanı barədə məlumat verib. İmtahan prosesini millət vəkili Çingiz Qənizadə, 40-dan çox xarici və yerli QHT təmsilçilərilə birgə müşahidə etdiyini bildirən BAXCP sədrinin sözlərinə görə, test imtahanı maksimum şəffaflıq şəraitində keçirilib. Belə ki, imtahan prosesinin hər bir mərhələsi, o cümlədən sualların seçimi və cavabların yoxlanılmasının bilavasitə imtahan keçirilən zalda, namizədlərin, millət vəkillərinin, QHT və KİV nümayəndələrinin qarşısında həyata keçirilib. Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış 1000-dən çox test sualları bankından təsadüfi yolla - lototron vasitəsilə 10 variantda sual topluları seçilib. Sonra hakimliyə namizədlər bu sual toplularından birini seçiblər və suallar yerindəcə çoxaldılaraq cavablandırılması üçün namizədlərə paylanılıb.

Dörd saat davam edən imtahanın nəticələri xüsusi dəqiq avadanlıqla imtahan başa çatan kimi dərhal yoxlanılaraq nəticələr yerindəcə elan olunub. Bütün imtahan prosesi Məhkəmə-Hüquq Şurasının internet saytı vasitəsilə "on-line" rejimində birbaşa yayımlanıb.

BAXCP sədri imtahan prosesinin şəffaf prosedur kimi yüksək dəyərləndirdiyini bildirib. Qüdrət Həsənquliyev eyni zamanda qeyd edib ki, hakimlərin seçkisilə bağlı test imtahanından sonrakı mərhələnin də "on-line" rejimində yayımlanması məqsədəuyğun olardı və bu sahədə maksimum şəffaflığın təmin olunmasına zəmin yaradardı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir