Modern.az

TQDK rezidentura imtahanlarına hazırlaşan namizədlərə xəbərdarlıq etdi

TQDK rezidentura imtahanlarına hazırlaşan namizədlərə xəbərdarlıq etdi

21 Sentyabr 2011, 18:21

Son günlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rezidenturaya qəbul imtahanlarına hazırlaşan gənclərin çoxsaylı müraciətləri daxil olmaqdadır. Bu müraciətlərdə hansısa “ekspert”lərin rezidenturaya qəbul imtahanında istifadə olunması nəzərdə tutulan suallardan guya əvvəlcədən xəbərdar olduqları və həmin sualları müəyyən ödənişlər müqabilində kimlərəsə satdıqları qeyd olunur. Bununla əlaqədar olaraq TQDK ictimaiyyətin nəzərinə aşağıdakıları çatdırıb:

“Rezidenturaya qəbul imtahanı ilə bağlı böyük həcmli testlər bankı yaradılmışdır.  Bu banka baza ali tibb təhsili səviyyəsinin hər bir  istiqaməti üzrə ayrılıqda  bir neçə min sual daxildir ki, həmin sualların formalaşdırılmasında onlarla yerli və xarici ekspert iştirak ediblər. Xarici ekspertlər əsasən Türkiyə Respublikasından, Rusiya Federasiyasından, eləcə də MDB-nin bir sıra respublikalarını təmsil edirlər. Hər bir sual test bankına təqdim olunduqda tamamilə fərqli ekspertlər tərəfindən yoxlamadan keçirilib və müəlliflərin özlərinin təqdim etdikləri hansı sualların banka daxil edildiyini bilməsi mümkünsüzdür. Ümumilikdə isə, qeyd olunan test bankında olan sualların həcminin çoxluğu, məxfiliyin xüsusi kompyuter proqramları ilə qorunması həmin suallardan hər hansı şəxs və ya şəxslərin xəbərdar olması imkanlarını tamamilə aradan qaldırır.

TQDK tərəfindən rezidenturaya qəbul imtahanlarında test bankının təhlükəsizliyinin yüksək standartlarla təmin edildiyi sentyabrın 10-da və 11-də keçirilmiş sınaq imtahanlarında bir daha özünü göstərmişdir. Halbuki bütün sınaq imtahanlarında olduğu kimi, bu sınaq imtahanında da imtahana sualların hazırlanması üçün qapalı bunker formalaşdırılmamışdı.  

2011/2012-ci tədris ili üçün rezidenturaya qəbul imtahanları sentyabrın 24-də və 25-də keçiriləcəkdir. Bununla əlaqədar olaraq TQDK tərəfindən sentyabrın 19-dan etibarən qapalı bunker formalaşdırılmışdır. Həmin bunkerə cəlb olunmuş ekspertlər ətraf aləmdən tam təcrid olunmuş şəraitdə çalışırlar, bundan əlavə onların  sualların seçilməsində heç bir rolları yoxdur. Ekspertlər təsadüfi seçim əsasında kompyuter proqramlarının təqdim etdiyi sual variantlarının son ekspertizasını aparır, həmin suallarda texniki səhvin olub-olmadığını yoxlayırlar. İmtahan başa çatanadək onlar qapalı rejimdə çalışacaqlar.

Rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlərin nəzərinə çatdırırıq ki, əsassız fikirlərə, müxtəlif “işbazlar”ın yalan vədlərinə inanmasınlar. TQDK rezidenturaya qəbul imtahanını digər imtahanlarda olduğu kimi tam şəffaf və obyektiv şəraitdə aparacaqdır”.                                                    


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...