Modern.az

Elmar Məmmədyarov BMT-də bir sıra görüşlər keçirib

Elmar Məmmədyarov BMT-də bir sıra görüşlər keçirib

22 Sentyabr 2011, 08:45

BMT Baş Məclisinin 66-cı sessiyasının ümumi müzakirələrində iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, E. Məmmədyarovun Uruqvayın xarici işlər naziri Luis Almaqro ilə görüşündə ölkələrimiz arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Cənubi Qafqaz, Azərbaycanın regionda rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu, təcavüzkar ölkənin apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının və bir çox beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar barədə uruqvaylı həmkarına ətraflı məlumat verib.

L.Almaqro isə Uruqvayın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu bildirib. Nazir Uruqvayın beynəlxalq hüququn norma və prinsiplərinə önəm verdiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb. L.Almaqro bu məsələnin dərindən öyrənilməsində maraqlı olduğunu və hərtərəfli məlumatın əldə edilməsinin vacibliyini qeyd edib. Bununla əlaqədar iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin aparılması məqsədi ilə qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Sonra E.Məmmədyarov ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə təşkil edilmiş Açıq Hökumət Tərəfdaşlığı görüşündə iştirak edib.

Azərbaycanlı nazir, həmçinin Palaunun Prezidenti Conson Toribionq, Trinidad və Tobaqonun xarici işlər naziri Suracrattan Rambaçan və kolumbiyalı həmkarı Maria Anjela Holguin ilə görüşüb. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Kolumbiyalı nazir ilə görüşdə “Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” saziş və “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...