Modern.az

Azərbaycanlı deputat türkiyəli gəncləri işbirliyinə dəvət edib

Azərbaycanlı deputat türkiyəli gəncləri işbirliyinə dəvət edib

23 Sentyabr 2011, 15:45

Türkiyədə səfərdə olan millət vəkili, Azərbaycan-Türkiyə Parlament­lərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva “Türk Ocaqları”nın İstanbul şöbəsində olmuş, Ocaq rəhbərliyi və Ocağın gənc üzvləri ilə görüş keçirib.

Xanım millət vəkilini Ocaqda salamlamaqdan məmnunluğunu ifadə edən İstanbul Türk Ocaqlarının başqanı dr. Cezmi Bayram, təmsil etdiyi qurumun məramı, məqsədi, son dönəm çalışmaları və qarşıda duran vəzifələr barədə danışıb, Azərbaycana həmişə böyük hörmət və ehtiram bəslədiklərini, Atatürkün sözlərini xatırladaraq, Sizin “sevinciniz sevincimiz, kədəriniz kədərimizdir” deyib.  

Q.Paşayeva Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütövlükdə Türk Dünyası üçün önəm daşıdığını vurğulayaraq, iki qardaş ölkənin tərəqqisinin digər türksoylu respublikalar və əslində bütün region üçün faydalı olduğuna dair fikirlərini bölüşüb. Diqqəti Azərbaycan torpaqlarının işğalı faktına, bu faktın bütün Türk Dünyasını narahat etməli olan bir məsələ kimi xarakterizəsinə yönəldən Qənirə Paşayeva qaçqın və məcburi köçkünlərin du­rumu, işğal altındakı ərazilərdə milli, tarixi mədəniyyət abidələrinin ermənilər tərəfindən vandalizmə  məruz qalması, bir sözlə, işğal faktının hələ də davam etməsi, bundan irəli gələn fəsadlar barədə danışıb.

“Ortaq türk tarix” yazılması, Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bu günü və sabahı, hər iki qardaş xalqın diaspor təşkilatlarının işbirliyi, habelə türklərin geopolitik mövqeyi kimi mövzuları əhatə edən görüşdə qarşılıqlı olaraq xoş azrular ifadə olunub.

Sonra “Türk Ocaqları”nın gənc üzvləri ilə görüşən azərbaycanlı parlamentari onların timsalında türk gəncliyini fikir birliyinə çağırıb, gücümüzün birlikdə olduğunu vurğulayıb. Dünya türklüyünün üzüntülərinin ancaq Türkiyə və Azərbaycan kimi iki qardaş, dost və qonşu ölkənin gücü nisbətində çözümə yaxınlaşacağını bildirən xanım Paşayeva İsmail Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarını xatırladaraq, gəncləri Azərbaycandakı həmyaşıdları, uyğun profilli təşkilatlarla işbirliyinə dəvət edib.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...