Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə növbəti maliyyə yardımı müsabiqəsinin qalibi olmuş təşkilatlar üçün məlumatlandırma sessiyalarına başlayıb.
Bu gün Şuranın ofisində keçirilən tədbirdə “Dövlət rəmzlərinin təbliğinə dair təşəbbüslər” və “İctimai davranış qaydalarının təbliğinə dair təşəbbüslər” mövzuları üzrə qalib olmuş QHT-lərin rəhbərləri və mühasibləri iştirak ediblər. Tədbiri açan Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov layihələrin icra prosesinə dair təlimatları xatırladaraq, maliyyələşdirilən layihələrin ictimai əhəmiyyəti haqqında danışıb. F.Qurbanov bildirib ki, layihələrdə nəzərdə tutulan bütün tədbirlər vaxtında həyata keçirilməli, mətbuatda təbliğ olunmalı və Şuraya hesabat təqdim edilməlidir.
Tədbirdə çıxış edən Şura əməkdaşları Gülsəba Ələsgərova və Elnur Bağırlı da layihələrin effektiv icrası ilə bağlı öz fikirlərini bildiriblər. Katibliyin əməkdaşı Amid Mirzəyev sessiya iştirakçılarını layihələr üzrə maliyyə vəsaitlərinin xərclənməsi və maliyyə hesabatlarının hazırlanması ilə bağlı məlumatlandırıb.
Tədbir iştirakçılarının sualları Şura əməkdaşları tərəfindən cavablandırılıb.
Modern.az