Modern.az

Elmar Məmmədyarov BMT-də: “Ərazinin güc tətbiqi ilə mənimsənilməsi yolverilməzdir"

Elmar Məmmədyarov BMT-də:  “Ərazinin güc tətbiqi ilə mənimsənilməsi yolverilməzdir"

28 Sentyabr 2011, 08:48

"Öz ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının məcburi köçkün vəziyyətinə düşməsindən əziyyət çəkən bir ölkə kimi Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində daha çox maraqlı olan tərəfdir".
Bunu xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasında çıxışı zamanı deyib. Azərbaycanın mövqeyinin beynəlxalq birliyə yaxşı məlum olduğunu deyən nazir qeyd edib ki, bu mövqe beynəlxalq hüququn norma və prinsiplərinə ciddi şəkildə əməl edilməsinə əsaslanır. 

“Bu prinsiplərə görə, ərazinin güc tətbiqi ilə mənimsənilməsi yolverilməzdir. Bu, qətiyyən qəbuledilməzdir", - deyə nazir vurğulayıb.

Xarici işlər naziri bildirib ki, 20 il ərzində Azərbaycan BMT nizamnaməsinin və digər beynəlxalq hüquq sənədlərinin təcavüzkar Ermənistan tərəfindən kobud şəkildə pozulması ilə üzləşir:
"Bu təcavüzkarlıq nəticəsində Azərbaycan ərazilərinin 20 faizi hələ də işğal altındadır və 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıda bilmir".

E.Məmmədyarov bildirib ki, 1993-cü ildə BMT TŞ 4 qətnamə qəbul edib ki, bu sənədlər Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, tam və qeydsiz-şərtsiz çıxarılmasını tələb edib və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edib. Digər beynəlxalq təşkilatlar da belə çağırışlar ediblər.

"Təəssüf ki, Ermənistan beynəlxalq birliyin çağırışlarına əhəmiyyət verməməkdə davam edir", - deyə nazir bildirib.

E.Məmmədyarov BMT-ni və başqa beynəlxalq qurumları daha öncə qəbul etdikləri qətnamələri yerinə yetirməyə və işğala son qoymaq üçün Ermənistan rəhbərliyini konstruktiv mövqeyə dəvət etməyə çağırıb.
  
Nazir çıxışı zamanı Azərbaycanın Fələstinin müstəqilliyinə tam dəstək verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Fələstinin BMT-yə tam hüquqlu üzvü olmasının vaxtı çatdığını düşünür.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...