Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov «Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: Əsas hədəflər və nəticələr» mövzusunda Bakıda keçiriləcək konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Transmilli şirkətlər və sosial siyasət şöbəsinin direktoru xanım Rikarda Msfallsı və BƏT-in İşdə fundamental prinsiplər və hüquqlar üzrə proqram direktoru Kamran Fənnizadəni qəbul edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, görüşdə vətəndaşların iş yerləri ilə təminatının dövlət siyasətinin prioritetlərindən biri olduğunu və son 7 ildə ölkədə 900 mindən artıq iş yerinin yaradıldığını qeyd edən nazir Fizuli Ələkbərov bildirib ki, hazırda modern inkişaf mərhələsində olan Azərbaycan üçün yeni hədəf - mövcud əmək potensialının iqtisadi tərəqqiyə uyğun olaraq keyfiyyətcə yüksəldilməsi və eyni zamanda layiqli əməyin təminatıdır. Bu məqsədə doğru konkret addımların atılmasında sosial tərəfdaşlarla (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası) əməkdaşlıq, üçtərəfli dialoqun həyata keçirilməsi mühüm rol oynayır. Qarşıda duran əsas məram sosial tərəfdaşlıq prinsiplərinin ölkədə fəaliyyət göstərən transmili şirkətlərə də şamil edilməsindən ibarətdir.
Transmilli şirkətlər respublikanın iqtisadiyyatında mühüm yer tutmaqla bərabər, ayrı-ayrı hümanitar məqsədli layihələrin icrasına da həmişə fəal dəstək vermələri, eləcə də layiqli əməyin təminatında bir çox komponentlər üzrə müsbət təcrübəyə malik olmaları səbəbindən ümumən cəmiyyətdə müsbət rəy qazanıblar. Nazir bildirib ki, bununla belə, həmin şirkətlərin bir qismində hələ də həmkarlar təşkilatlarının yaradılmaması, sosial tərəfdaşlıq prinsiplərinin formalaşdırılmaması, bəzən illərlə onlarda çalışan yerli işçilərin peşə və ixtisas artımının təmin olunması üçün tədbirlərin görülməməsi, ayrı-ayrı peşə və ixtisaslar üzrə yerli mütəxəssis potensialı artıq yetişdiyi halda həmin işlərin görülməsi üçün məhz xarisdən işçi qüvvəsinin gətirilməsi, eyni işləri yerinə yetirən yerli işçilərə əmək haqqının xaricdən gələn işçilərlə müqayisədə xeyli aşağı məbləğdə ödənilməsi, bu və ya digər müqavilənin başa çatması səbəbindən xeyli sayda yerli işçinin eyni vaxtda işdən kənarlaşdırılması və s. kimi hallar mövcuddur. Belə halların aradan qaldırılması üçün transmili şirkətlərlə sosial tərəfdaşlıq şəraitində daloqun sistemli şəkildə formalaşdırılması və həyata keçirilməsi vacib məsələlərdən biridir.
Xanım Rikarda Msfalls ölkəmizdə layiqli əməyin təminatı istiqamətində görülən işləri və bu işlərdə BƏT-lə əməkdaşlığa xüsusi önəm verilməsini yüksək qiymətləndirib. R. Msfalls keçiriləcək konfransın milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin daha fəal iştirakı, həmin şirkətlərlə sistemli şəkildə sosial dialoqun inkişafı üçün effektli üsulların müəyyən edilməsi istiqamətində ilk və həmçinin uğurlu bir addım olacağını, bu sahədə BƏT-in bütün lazımi dəstəyi göstərəcəyini bildirib. Kamran Fənnizadə Azərbaycanı hazırda BƏT-in önəmli üzvlərindən biri, həmçinin bu təşkilatın konvensiyalarının ratifikasiyası üzrə ən yaxşı göstəricilərə malik proqressiv bir ölkə kimi dəyərləndirərək, iş yerlərində layiqli əmək şəraitinin təmin olunması məqsədilə respublikamızda görülən işlərə BƏT-in həmişə yaxından dəstək vermək əzmində olduğunu vurğulayıb.
«Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: Əsas hədəflər və nəticələr» mövzusunda konfrans 29 sentyabr 2011-ci il tarixdə saat 11.00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçiriləcək.
Modern.az