Oktyabrın 1-də Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Kosta-Rikaya gedəcək.
Bu barədə Modern.az portalına danışan komitə rəhbəri bildirib ki, nümayəndə heyətinə deputat Aslan Cəfərov, Milli Məclis Aparatının əməkdaşı Orxan Hüseynov, UNİSEF-in Azərbaycandakı rəhbərini müavini Rəşid Mustafa, BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Təhminə Tağızadə, Səhiyyə Nazirliyinin sector müdiri Viktor Qasımov daxildir.
H.Rəcəbli deyib ki, səfərdə məqsəd iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsi aparmaqdır: “Biz komitəmizdə hazırlanan və BMT-nin model qanun kimi qəbul etdiyi “Erkən yaşda uşaqların qidalanması haqqında” qanun barədə qarşı tərəfə məlumat verəcəyik. Eyni zamanda qarşı tərəfin anemiyaya dair qanunvericliyi və bunun cəmiyyətdə tətbiqinə dair təcrübəsi ilə tanış olacağıq. Hazırda dünyada qlobal problemlərdən biri də budur. Hesab edirəm ki, Azərbaycanda da bu məsələnin qarşısının alınması üçün ciddi addımlar atılmalıdır”.
Azərbaycan nümayəndə heyətinin səfəri oktyabrın 10-da başa çatacaq.
Səfər BMT tərəfindən təşklil olunsa da, nümayəndə heyətinə Hadi Rəcəbli rəhbərlik edəcək. Nümayəndə heyəti Kosta-Rikanın spikeri, səhiyyə naziri və digər rəsmi şəxsləri ilə görüşəcək.
Modern.az