Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun başçısı Qənirə Paşayeva Strasburqda Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyatdin İsmixanoğlu (Kassanov) və dünyanın müxtəlif bölgələrindən gələn Ahıska türkləri ilə görüşüb. AŞPA-da Ahıska türklərinin sürgün tarixi ilə bağlı foto-sərgi təşkil olunub.
Q. Paşayeva Strasburqa gəlmiş Ahıska türklərini təmsil edən ictimai xadimlərlə görüşdən və foto-sərgini ziyarətdən məmnun qaldığını bildirərək, onların doğma yurda dönüş üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib. Problemə AŞPA səviyyəsində bəslənən münasibət, habelə Azərbaycan və Türkiyənin, eləcə də digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi aparılan görüşdə Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və mövcud durumdan irəli gələn məsələlər barədə də danışılıb.
Q. Paşayeva AŞPA sədri Mövlud Çavuşoğlunun sərginin açılışında bilavasitə iştirakının, söylədiyi nitqin, verdiyi mesajların çox önəmli olduğunu qeyd edib.
Modern.az