Oktyabrın 8-də Xorvatiyanın Dubrovnik şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr keçirilib. Assambleyanın sədri Joao Suareşin sədrlik etdiyi iclasda ATƏT-in Minsk qrupunun həmsədrləri çıxış ediblər. (AzərTAc)
Amerikalı həmsədr Robert Bradtke bildirib ki, vasitəçi dövlətlər Cənubi Qafqazda sülhə nail olmaq üçün ən yüksək səviyyədə səylərini əsirgəmir. Diplomat deyib ki, onlar problemin üç prinsip əsasında həllini görür:
gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ.
Həmsədr, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin altı element əsasında həllinə çalışdıqlarını qeyd ediblər. Bunlar Dağlıq Qarabağın ətrafındakı rayonlardan erməni hərbi qüvvələrinin çıxarılması, Dağlıq Qarabağa keçid statusunun verilməsi, Ermənistan ilə Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi, Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması, bölgədə beynəlxalq təhlükəsizlik təminatlarının və sülhyaratma əməliyyatının həyata keçirilməsidir.
Amerikalı həmsədr bildirib ki, tərəflər bəzi prinsipləri qəbul edir, bəzilərini isə qəbul etmək istəmir. Buna görə, yekun sazişə hələlik nail olmaq mümkün olmur.
Rusiyalı həmsədr İqor Popov isə əmin olduğunu bildirib ki, məsələnin həlli yalnız diplomatik üsullarla mümkündür. Rusiya rəhbərliyinin münaqişənin həlli üçün ciddi səy göstərdiyini deyən İ.Popov vurğulamışdır ki, sülh yalnız tərəflərin siyasi iradəsi əsasında mümkündür.
Sessiyada çıxış edən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik son günlər qoşunların təmas xəttində 3 nəfərin ölümü ilə nəticələnmiş insidentlərdən narahatlığını dilə gətirib. O, son qanlı insidentləri araşdırmaq üçün gələn həftə cəbhə xəttində yeni monitorinqlər keçirmək təklifi ilə tərəflərə müraciət olunduğunu deyib.
Modern.az