Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi törədilib. Modern.az APA-ya istinadən bildiri ki, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, Kürdəxanı qəsəbə sakini, 1968-ci il təvəllüdlü Canbala Əlibaba oğlu Atababayev oktyabrın 9-u səhər saatlarında qardaşının həyat yoldaşı, 1982-ci il təvəllüdlü Mətanət Məlikovanı güllələyib.
“Vinçester” tipli tüfəngdən açılan atəş nəticəsində üç güllə yarası alan M. Məlikova hadisə yerində ölüb.
C. Atababayev isə tüfəngi də götürərək özünə məxsus “VAZ-2107” markalı avtomobillə hadisə yerindən qaçıb. Hadisə ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi gücləndirilmiş rejimə keçib. Paytaxtın bütün istiqamətlərində postlar qurulub. Silahlı polislər şübhə doğuran “VAZ-2107” markalı avtomobillər yoxlanılıb. Hadisəni törədən şəxsin zərərsizləşdirilməsi üçün lazımi əməliyyat-axtarış tədbirləri görülüb.
Oktyabrın 9-da səhərdən axşamadək axtarışa verilən Canbala Atababayev nəhayət tutulub. Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin rəisi İlham Əhmədov bildirib ki, qatil tutulandan sonra Bakının bütün istiqamətlərində qurulmuş silahlı polis postları götürülüb.
Qətlin motivi hələlik məlum deyil.