Təhsil Nazirliyinin sifarişi əsasında Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, nazir Misir Mərdanov təhsil sahəsində müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruriliyini nəzərə çatdırıb. Görülən işlərin, həyata keçirilən islahatların nəticələrinin qiymətləndirilməsinin əhəmiyyətinə toxunan nazir Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları müəyyənləşdirilərkən daha ümdə məsələlərin önə çəkilməsinin vacibliyini bildirib.
Təhsil Nazirliyinin sifarişi ilə cari dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları haqqında məlumat verən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov 2011-2012-ci dərs ilində, əsasən tətbiqi xarakterli mövzuların araşdırılmasının nəzərdə tutulduğunu qeyd edib. İnstitutun direktoru tədqiqat mövzuları müəyyənləşdirilərkən Təhsil Nazirliyinin müvafiq şöbələrinin və Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin tövsiyələrinin nəzərə alındığını bildirib. Ayrı-ayrı mövzuların tədqiqi ilə bağlı konkret layihələrin hazırlandığını söyləyən A.Mehrabov xüsusi olaraq şagird nailiyyətlərinin qiymətləndirilməsi, ilkin pedaqoji kadr hazırlığı, ibtidai təhsil, fənn kurikulumları, peşə-ixtisas təhsili, beş yaşlıların məktəbə hazırlığı və digər məsələlərin əhatə olunduğunu vurğulayıb.
Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzularının siyahısına müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflərini nəzərə çatdıran təhsil naziri Misir Mərdanov tədqiqatlar aparılarkən dünya təcrübəsinin nəzərə alınmasının səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. Nazir institut tərəfindən təlim texnologiyaları, dərslik, rasionallaşdırma və digər mövzularla bağlı tədqiqatların aparılmasını təhsildə keyfiyyətin yüksəldilməsi baxımından daha əhəmiyyətli hesab etdiyini bildirib.
İclasda tədqiqat mövzuları ilə bağlı suallar cavablandırılıb və bir sıra müvafiq təkliflər irəli sürülüb.
Modern.az