Modern.az

Müxalifətçi qadınlar toplanıb bəyanat verdilər

Müxalifətçi qadınlar toplanıb bəyanat verdilər

12 Oktyabr 2011, 18:15

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının müvəqqəti qərargahında partiyanın Qadınlar Təşkilatının təşəbbüsü ilə müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş “Müstəqilliyimizin qazanılmasında qadınların yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.

AMİP Siyasi Şuranın üzvü Aminə Vəliyeva Azərbaycanda başlanan milli azadlıq hərakatında və xalqımızın yenidən  müstəqilliyyə qovuşmasında qadınların müstəsna xidmətlərindən danışıb: “Azərbaycanda istər xalq hərakatı dövründə, istərsə də digər proseslərdə fəal iştirak edən qadınlar həmişə mübarizənin önündə olublar. Lakin təəssüflər olsun ki, onların bu fədakarlıqları sonradan hakimiyyət tərəfindən qiymətləndirilmədi. Buna baxmayaraq, biz qadınlar heç də ruhdan düşməyərək, Azərbaycanın parlaq gələcəyi üçün üzərimizə düşən vəzifəni daşımaqdayıq. Meydan hərakatı on minlərlə qadını daha da mətinləşdirdi və bir-biri ilə doğmalaşdırdı”.

“Sovet imperiyasının süquta uğramasında və müstəqil dövlətlərin yaradılmasında başlıca rolardan birini qadınların və gənclərin oynadığını”- söyləyən AMİP Siyasi Şuranın üzvü Ceyran Ənsər qadınların bütün cəmiyyətlərin aynası olduğunu deyib:
“Hansı cəmiyyətdə qadın özünü xoşbəxt sayırsa, firavan yaşayırsa, o cəmiyyət xoşbəxt və firavan cəmiyyətdir. Eyni zamanda dövlətin dayanıqlı və sabit mövcudluğunda qadınların təsiri kifayət qədərdir. Təsadüfi deyil ki, bütün hakimiyyətlərin ən çox çəkindiyi amillərdən biri də qadınlar və gənclərdir. Məhz buna görə də Azərbaycan hakimiyyəti qadınların dövlətin idarə edilməsində və ictimai aktivlik göstərmələrində maraqlı deyil. Nəzərə almaq lazımdır ki, qadınlar daha çalışqan, həssas və  işgüzar olurlar.  Bu gün Azərbaycan qadınları köhnə streotiplərdən tam azad oluna bilməyiblər. Onların hüquqları əks cinsə nisbətən daha çox pozulur”.

Ceyran Ənsər onu da vurğulayıb ki, müstəqilliyimizin qazanılmasında və dövlətçiliyimizin qurulmasında hər yükün altına girən qadınlar çəkdikləri əziyyətlərin bəhrəsini görə bilməyiblər. Əksinə onların həyat şəraiti getdikcə ağırlaşmaqdadır. Biz meydanlara çıxanda  başqa Azərbaycan arzusundaydıq.  Lakin bu günkü Azərbaycan biz arzuladığımız Azərbaycan deyil”.

Hərakatda iştirak edən insanları iki qismə ayıran Milli Mədəniyyəti Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova bildirib: “Bir qism insan meydanlara öz yaşayışlarını yaxşılaşdırmaq ümüdi ilə kor-koranə gəlmişdi, digər qismi isə şüurlu şəkildə müstəqil, azad Azərbaycanı görmək niyyətində idi. Lakin hər iki qismin istəkləri elə istək olaraq da qaldı. Doğrudur, dövlət olaraq müstəqillik qazandıq, ancaq cəmiyyət müstəqilliyini və azadlığını bütünlüklə əldə edə bilmədi. Gənc nəsilə 20 il bundan əvvəl baş verən ən böyük tarixi hadisəni təbliğ etmirlər”

Müsavat partiyasının təmsilçisi Sevil Hüseynova müstəqilliyimizin qazanılmasının tarixinə qısa ekskurs edərək bu mərhələyə gəlib çatana qədər qadınların keçdiyi uzun mücadilə yolundan danışıb: “Həmin dövr qadınlarımızın mərdliyini, cəsurluğunu, əzmkarlığını və mübarizliyini təkrar sübut etdi. O zaman çox az qadın tapılardı ki, evdə oturub baş verən hadisələri seyr etsin. İstiqlalımız uğrunda çəkinmədən çalışanların bu gün unudulması, diqqətdən kənar qalması və onlara qiymət verilməməsi narahatlıq doğurmaya bilməz. Biz dəyərlərimizə qiymət verməliyik”.

İctimai Palatanın üzvü Yeganə Əmiraslanova isə 18 oktyabrda müstəqilliyimizin elan edilməsinin təkcə Azərbaycan üçün deyil, ümumilikdə dünyada yaşayan  40 milyona yaxın azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Hər bir millətin tarixində şərəfli səhifələr var. Azərbaycan qadını millətimizin və xalqımızın tarixinə qızıl hərflərlə həkk olunmuş bu şərəfli tarixdə böyük yer qazanmasından qürur duymalıdır. Biz birinci mərhələdə,  müstəqilliyimizin qazanılmasında  öz missiyamızı yerinə yetirdik. İnanıram ki, ikinci dönəmdə də, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyətin qurulması istiqamətində də üzərimizə götürdüyümüz vəzifələrin öhdəsindən gələ biləcəyik”.

Tədbirdə iştirak edən QAT Idarə Heyətinin üzvləri Fəridə Əsgərova, Arzu Qasımova, KXCP sədrinin müşaviri Nərgiz Nağıyeva, Azəri Türk Qadınlar Birliyinin sədr müavini Adilə Məmmədli, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva, hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, AMİP MŞ üzvləri Nüşabə Bədəlzadə, Sənubər İsayeva, Suqra Nəcəfova və başqaları müstəqilliyimizin qazanılmasında qadınların rolu haqqında fikirlərini bölüşüblər. Tədbirin sonunda iştirakçılar məhbəsdə olan istiqlalçı deputat Arif  Hacılının və digər siyasi məhbusların azadlığa buraxılması ilə bağlı bəyanat qəbul olunub.

Bəyanatda deyilir:
- Ötən əsrin sonlarına yaxın Azərbaycan müstəqilliyini yenidən bərpa etsə də, azad, hüquqi və demokratik dövlətin qurulmasında problemlər qalmaqdadır. Hakimiyyət bütün resuslardan istifadə edərək cəmiyyəti basqı altında saxlamaqla vətəndaşların siyasi fəallığını və hüquqlarının həyata keçirilməsinə ciddi maneçilik törətməkdədir.

Hakimiyyətin yürütdüyü siyasətdən narazı qalan və azad düşüncəli insanlara qarşı son dövrlər    təziqlər və repressiyalar geniş xarakter alıb. Sərbəst toplaşma azadlığı tamamilə məhdudlaşdırılıb. Istiqlalçı deputat Arif Hacılı və digər aksiya iştirakçıları barədə çıxarılan məhkəmə hökmləri bir daha sübut etdi ki, hakimiyyət demokratik dəyərlərə və insan haqlarına münasibəti dəyişməyib. Həmçinin, üzərinə götürduyu öhdəliklərə və hamılıqla qəbul olunmuş prinsiplərə sayğısızlığını davam etdirməkdədir.

Biz Azərbaycan qadınlarının fəal bir qisminin təmsilciləri olaraq Arif Hacılı və digər aksiya iştirakçıları haqqında çıxarılan sifarişli məhkəmə hökmlərini pisləyərək, bunu cəmiyyətdəki qarşıdurmanın və gərginliyin daha da dərinləşməsinə, habelə, ölkənin beynəlxalq imicinə ciddi zərbə olacq amil kimi qiymətləndiririk.

Biz mövcud iqtidardan tezliklə ədalətin bərpa olunmasını və bütün siyasi məhbusların azadlığa buraxılmasını qətiyyətlə tələb edirk.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...