Azərbaycan tərəfi Avropa Şurası Venesiya Komissiyasının siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı bəzi təklifləri ilə razılaşmayıb. Bu barədə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə məlumat verib. O, bildirib ki, Venesiya Komissiyası müzakirələr zamanı Azərbaycanda xarici vətəndaşların partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olmasını təklif edib. Azərbaycan isə bu təkliflərlə razılaşmayıb.
Ə.Həsənovun sözlərinə görə, Avropa İttifaqı ölkələrində siyasi inteqrasiya tendensiyası mövcud olduğuna görə, Avropa ölkələrində xarici vətəndaşlar siyasi partiyaların üzvü ola bilər, yaxud xarici dövlətə mənsub strukturlar siyasi partiyaları maliyyələşdirə bilər. Amma bu tendensiyanın Azərbaycanda tətbiqi mümkün deyil.
Azərbaycan tərəfi hazırda Venesiya Komissiyasının "Siyasi partiyalar haqqında" yeni qanun layihəsilə bağlı tövsiyə və iradlarını araşdırır. Araşdırma bitəndən sonra sənəd Milli Məclisin müzakirəsinə çıxarılacaq. Millət vəkillərinin qanun layihəsilə bağlı mövqeləri nəzərə alındıqdan sonra sənəd rəy verilməsi üçün yenidən Venesiya Komissiyasına təqdim olunacaq.
Modern.az