Modern.az

Hacı Tahir Abbaslı: «Kim bunlara səlahiyət verib ki, biz müsəlmanlar adına qərar versinlər»

Hacı Tahir Abbaslı: «Kim bunlara səlahiyət verib ki, biz müsəlmanlar adına qərar versinlər»

Təhsil

28 Oktyabr 2011, 16:54

Ayətullah Məkarim Şirazinin İranın Qum şəhərinin Əzəm məscidində etdiyi çıxışda Azərbaycanda islamofobiyanın genişləndiyini deməsi, hakimiyyəti hədələməsi, bundan başqa Qum şəhərində əl-Mustafa Akademiyasında ölkəmizin xeyrinə olmayan “Azərbaycan Respublikasında İslami oyanışa dayaq və anti-islam siyasətlərinin məhkum edilməsi” adlı beynəlxalq konfrans keçirilməsi dindarlar tərəfindən birmənalı qarşılanmayıb.

Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı məsələyə daha sərt reaksiya verib. T.Abbaslı deyib ki, Quranda və İslamda ruhaniyyət adında bir institut olmayıb: “Böyük Allah hər kəsə bəlli miqdarda onu anlama imkanları verib. Kim bunlara səlahiyət verib ki, biz müsəlmanlar adına qərar versinlər. Kimin nə qədər dürüst müsəlman olduğuna qərar verən mollalıq institutu deyildir. Bunu ən doğru bilən Allahdır”.

 AİDP sədri deyib ki, bu gün İranda xalqı ac və səfil durumda saxlayaraq, xalqın azadlığının boğulması hesabına ölkənin sərmayəsini ələ keçirmiş olan İran mollarına səlahiyət verən heç bir dini quruluş deyil, əllərindəki sərmayədir. Tarix boyu da İslamı öz nəfslərinin istiqamətində kullanan din xadimləri İslama ən çox zərər verənlər olub. Bu gün İslama gerçək zərər verən İrandakı diktatorluqdur”.

 T.Abbaslı deyir ki, onlar içlərindəki çirkinlikləri ört-bas etmək üçün Azərbaycanda İslami problemləri qabardırlar: “Azərbaycanda problem var, ancaq bu onların anlayacağı problem deyil. Onlar müqəddəs İslam dinini bəhanə edərək bizim dövlətçiliyimizə qarşı planlar hazırlayır, iç işlərimizə qarışmağa çalışırlar. Azərbaycan xalqı müsəlmandır. Ancaq bizim İslamiyət anlayışımız İran molla diktatorluğu tərəfindən müəyyən edilmir. Bizim millət olaraq ruhumuz İslamın müqəddəs əxlaqi dəyərləri ilə yüzillərdir ki, tanışdır. İslam əxlaqi bizim ruhumuzun bir parçasıdır. Ancaq bunu Qumda Azərbaycanla bağlı pis niyyətlə konfranslar keçirən kapitalist mollalar anlaya bilməzlər. Onların əlində ölkənin sərmayəsi var. Haram gəlirlərlə yaşayan bir insan necə islam əxlaqından danışa bilər? Bəli Azərbaycanda sadəcə dini sahədə problem yoxdur, bir çox sahələrdə problem var. Bunların ortadan qaldırılması üçün zaman lazımdır. Zaman Azərbaycanda bir çox problemi çox məntiqli olaraq öz qaydasına qoyacaqdır. Bu, o demək deyildir ki, İran bizim daxili işlərimizə qarışma haqqına sahibdir. Bizə görə İranda olduğu qədər Azərbaycanda dini problem yoxdur. İran molla diktatorluğunun təzyiqi üzündən orada çoxları İslamiyyətdən üz çevirib başqa dinlərə pənah aparırlar. Bunun səbəbi kimdir? Bunun səbəbi müqəddəs İslami dəyərləri İranda sərmayənin qulluğunda tutmaqdır. İslam bu əxlaq anlayışına ziddir. Azərbaycan heç biz zaman İran modeli bir İslam ölkəsi olmaq istəməz. Çünkü İranda İslam özü də sərmayədar ruhaniyyət tərəfindən təzyiq altındadır. Əsasən müqəddəs dinimizi bu dikator və kapitalist molla inhisarından xilas etməliyik”.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama