Bu gün Bakıda Türkdili Ölkələrin və Toplumların II Media Forumu öz işinə başlayıb. Modern.az saytının məlumatına görə, «Kempinski Hotel Badamdar» kompleksində keçirilən tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur.
Foruma Azərbaycanla yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, İraqdan. Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən - Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, Kosovadan, nümayəndələr qatılıblar.
Forumun bu günkü toplantısında Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Koordinasiya Şurası formalaşıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Koordinasiya Şurasının sədri seçilib.
Üç gün davam edəcək Forumun sonunda bəyannamə qəbul ediləcək.
Modern.az