Oktyabrın 29-da “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunan “Günəşli” yatağında yerləşən 3 saylı dərin dəniz özülündəki 125 saylı quyuda əsaslı təmir işləri zamanı bədbəxt hadisə baş verib.
Dövlət Neft Şirkətindən verilən məlumatına görə, NQÇİ-nin qazmaçısı Gözəlov Nəhmət Absalam oğlu və qazmaçı köməkçisi Qazıyev Fikrət Əziz oğlu hadisə zamanı aldıqları xəsarətdən dünyasını dəyişib.
“Əsaslı təmir işləri NQÇİ-nin əməkçiləri tərəfindən aparılan gündəlik istehsalat proseslərindəndir və bu proseslər zamanı riayət olunmalı əməyin mühafizəsi qaydaları işçilərə yaxşı məlumdur. İlkin araşdırmalar göstərir ki, əsaslı təmir işləri zamanı bütün işçilər, o cümlədən N. Gözəlov və F. Qazıyev lazımi fərdi mühafizə vasitələrindən istifadə etmişlər. Hadisə ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və ARDNŞ-nin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə komissiya yaradılmışdır. Hadisənin səbəbləri araşdırılır”-deyə ARDNŞ-dən bildirlib.
Modern.az