Ötən həftə ABŞ-ın Corc Meyson Unversiteti və Karnegi Fondunun təşəbbüsü ilə Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinə dair simpozium keçirilib. Modern.az bildirir ki, simpoziumda Azərbaycanın və Ermənistanın rəsmi nümayəndələri ilə yanaşı, qondarma “DQR”in Vaşinqton nümayəndələyinin rəhbəri də iştirak edib. Bunu simpoziumda iştirak etmiş Ermənistanın Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyan KİV-ə müsahibəsində açıqlayıb.
Debatlarda müstəqil analitik olaraq azərbaycanlı Təbib Hüseynov və Karnegi Fondunun eksperti Tomas De Vall iştirak edib. Beynəlxalq konfransda Ermənistanı İrəvanın Vaşinqtondakı səfirinin müavini Varucan Nersisyan və Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Tiqran Mkrtçıyan təmsil edib. Azərbaycan tərəfdən olan diplomatların adı açıqlanmayıb.
Maraqlıdır ki, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirak etdiyi bu debatlarda ilk dəfə olaraq qonadrma “DQR”in Vaşinqtondakı nümayəndəsi qatıla bilib. Tərəflər Qarabağın statusu ilə bağlı məsələyə dair deyil, daha çox Azərbaycan və Ermənistan arasında Qarabağın da daxil olduğu geniş dialoqun vacibliyi ətrafında debat aparıblar. Tədbirə Qarabağdan olan nümayəndənin daxil edilməsinə cəhd olunsa da, həmin şəxsin adı siyahıdan çıxarılıb. Lakin əvəzində qondarma qurumun Vaşinqton nümayəndəliyi tədbirdə söz demək imkanı qazana bilib.
“Bu diplomatik debatlar idi. Qapalı sessiyalar zamanı baş tutan debatlar daha konstruktiv keçdi. Tərəflər razılığa gəldilər ki, bu ilk addımdır. Biz ilk dəfə idi ki, bir-birimizin üstünə qışqırmadan danışa bildik. Dağlıq Qarabağın Vaşinqtondakı daimi nümayəndəsi Qarabağın mövqeyini müdafiə edirdi” deyən Kirakosyan bildirib ki, debatlar zamanı Azərbaycan nümayəndə heyətinin bir qismi problemin həllini müharibə yolunda görsə də, digər qismi bunun əleyhinə çıxıb. Erməni poltoloq bildirib ki, Vaşinqtonda keçirilən görüş iki ölkə arasında normal olmayan münasibətləri normallaşdırmağa yönəlmiş cəhd idi.
“Bu uzun illərdən sonra Azərbaycan və Ermənistanın “ikinci dərəcəli diplomatiyasının” qatıldığı ilk görüş idi. Görüş elə təşkil olunmuşdu ki, tərəflər istənilən mövzu ətrafında danışa bilirdilər”-deyə Kirakosayn vurğulayıb.
Erməni tərəfinin tədbirlə bağlı dediyində diqqətçəkən fakt budur ki, Azərbaycan belə diskussiyalarda ilk dəfə olaraq hökümət nümayəndələri və XİN rəsmiləri iştirak edib və onlar separatçı rejimin nümayəndəsi ilə bir araya gəliblər.
X.SƏFƏROĞLU