Ötən həftə ABŞ-ın Corc Meyson Unversiteti və Karnegi Fondunun təşəbbüsü ilə Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinə dair simpozium keçirilib. Simpoziumda Azərbaycanın və Ermənistanın rəsmi nümayəndələri ilə yanaşı, qondarma “DQR”in Vaşinqton nümayəndələyinin rəhbəri də iştirak edib. Bunu simpoziumda iştirak etmiş Ermənistanın Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyan KİV-ə müsahibəsində açıqlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələrinin iştirak etdiyi bu debatlara ilk dəfə olaraq qonadrma “DQR”in Vaşinqtondakı nümayəndəsi qatıla bilib. Tərəflər Qarabağın statusu ilə bağlı məsələyə dair deyil, daha çox Azərbaycan və Ermənistan arasında Qarabağın da daxil olduğu geniş dialoqun vacibliyi ətrafında debat aparıblar. Tədbirə Qarabağdan olan nümayəndənin daxil edilməsinə cəhd olunsa da, həmin şəxsin adı siyahıdan çıxarılıb. Lakin əvəzində qondarma qurumun Vaşinqton nümayəndəliyi tədbirdə söz demək imkanı qazana bilib.
Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev münasibət bildirib.
XİN sözçüsü Modern.az-a açıqlamasında deyib ki, simpozium ictimayyətə açıq olan tədbir idi: “Qondarma qurumun qondarma nümayəndələri dəvət olunmadan ora gəldi. Bu da sadəcə olaraq həmin tədbirin ictimaiyyətə açıq olmasından irəli gəlirdi. Orada heç bir danışıq olmayıb. İki saatlıq elmi bir tədbir idi”.
Belə tədbirlərdə Qarabağın azərbaycanlı icmasının təmsil olinmamasının səbəbinə gəlincə, E.Abdullayev bildirib ki, orada Azərbaycanlı nümayəndələr iştirak ediblər: “Mən sizinlə razıyam ki, orada özlərini qondarma qurumun nümayəmndəsi kimi göstərən şəxslər əslində Azərbaycana məxsus Qarabağın nümayəndələri idi. Onlar da Azərbaycanın erməni icmasıdır. Dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanla tanıyır. Yenə deyirəm, onlar dəvət olunmamış şəxslər idi, onların iştirakı orada nəzərdə tutulmurdu”.
Müsahibimiz Xarici İşlər Nazirliyindən özünün və ölkəmizin ABŞ-dakı səfirliyinin nümayəndələrinin həmin tədbirdə iştirak etdiyini də deyib:
“Həyasızlıqla dəvət olunmadıqları tədbirə gəldilər. Onlara söz verilmədi, söz verildikdə isə Azərbaycan tərəfi onlara danışmağa imkan vermədi. İştirakçılara çatdırıldı ki, belə bir qurum yoxdur. "Dağlıq Qarabağ" adlı qondarma respublika yoxdur, bu ərazi Azərbaycanın tərkib hissəsidir”.
O ki qaldı qondarma qurumun Vaşinqton nümayəndəsinin çıxışına, E.Abdullayev deyib ki, onun heç bir çıxışı olmayıb, qarşısı alınıb: “Ümumiyyətlə, tədbir təşkilatçıları ona söz vermədilər. O özü söz aldı və iki dəqiqə müddətində danışdı. Ancaq onun da çıxışının qarşısı alındı”.
Modern.az