Rus millətçiləri noyabrın 4-də keçirəcəkləri yürüşü rus olmayanlara qarşı yönəldib
Rus millətçi dairələri noyabrın 4-də “Rus marşı”nın keçirilməsinə ciddi hazırlaşır. Modern.az ultra- millətçi hərəkat olan Qeyri Leqal İmiqrasiya Əleyhinə Hərəkatın rəsmi saytına istinadən bildirir ki, marşın keçirilməsi üçün Moskva meriyasından şifahi razılıq artıq alınıb.
Millətçilər bu yürüşə 25 min nəfərin qatılacağını bildiriblər. Əsas şüarları Rusiyaya işləməyə gələn qastrobayterlərə qarşı olan millətçilər Cənubi Qafqaz və Orta Asiya respublikalarından olan vətəndaşlara qarşı dözümsüzlüyü ilə fərqlənirlər.
Rus imperiyasının bayrağı altında keçiriləcək bu yürüşdə Rusiyanın bütün millətçi təşkiltları qatılacaq. Hərəkatın lideri Demuşkin bildirib ki, marş Rusiyanın 60-dək şəhərində keçiriləcək.
”Rus marşı”nın əsas şüarları “ Qafqazlılar, rədd olun!”, “Bəsdir Qafqazı yemlədik!”, “Rusiya-rus torpağıdır!”, “Rus xalqının hüquqları naminə!” kimi millətçi şüarlar olacaq.
Təşkilat “rus marşına” qatılmaq üçün Kommunist Partiyasının sədri Züqanova, LDPR-in rəhbəri Jirinovskiyə müraciət göndərib. Bu siyasətçilərin müraciətə nə cavab verdikləri bəlli deyil.
“Rus marşını” təşkil etmək üçün yaradılmış İctimai Şuranın sədri, Dumanın deputatı Pyotr Miloserdov bildirib ki, 25 min nəfərlik yürüş son hədd olmayacaq.
Bu gün günorta radələrində Millətçi Hərəkatın lideri Demuşkin həbs edilib və ona heç bir yerə getməmək barədə iltizam alınaraq buraxılıb. Hüquq-mühafizə orqanları ona israrla bildiriblər ki, “Rus marşına” qatılmasın. Prokurorluq ona qarşı milli zəmində iğtişaş salma ittihamı irəli sürüb. Qeyd edək ki, Rusiyada 2 milyona yaxın azərbaycanlı çörəkpulu qazanmaq üçün işləyir.
Xaqani SƏFƏROĞLU