“Metropolitendən gün ərzində 600 minə yaxın sərnişin istifadə edirsə, metrosuz Bakının nəqliyyat sistemini təsəvvür etmək belə mümkün deyil. 600 min sərnişin Bakı əhalisinin təxminən 35-37 faizi deməkdir. Əgər metro olmasaydı, şəhərimizdə necə tıxaclar yaranar, nəqliyyat sistemi iflic olardı”. Modern.az-ın məlumatına görə, bu sözləri hakim partiyanın saytına Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
T.Əhmədov deyib ki, 2013-cü ildə Bakı Metropoliteninin daha 2 stansiyası istifadəyə verilməsi nəzərdə tutulur. Bunlar «Memar Əcəmi-2» («Memar Əcəmi» stansiyasından keçid) və «Avtovağzal» stansiyalarıdır.
“Hazırda qeyd olunan istiqamətdə tikinti işləri davam etdirilir. Metronun «Memar Əcəmi» stansiyasından paytaxtın «Azadlıq» meydanına xəttin çəkilişi də planlaşdırılır.
Eyni zamanda, metroda sərnişinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Dünyanın aparıcı ölkələrinin metropolitenlərində quraşdırılmış sistemlərə uyğun, müasir texnologiyalar nəzərə alınmaqla Bakı Metropoliteninin stansiyalarında təhlükəsizlik və videomüşahidə şəbəkəsi yaradılıb, vaqonlarda kameralar quraşdırılıb. Ümumiyyətlə, biz bundan sonra da metropolitenin inkişafı naminə səylə çalışacağıq”.
Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan T.Əhmədov müsahibəsində siyasi fikirlərini də çatdırıb. Onun sözlərinə görə, bu gün hakim YAP-ın sıralarında 560 minə yaxın insan birləşib.
“Sovetlər dövründə birpartiyalı sistem zamanı Azərbaycan Kommunist Partiyasının 370 min üzvü vardı, amma çoxpartiyalı bir sistemdə 18 il ərzində ölkəmizdə YAP-ın 560 minə yaxın üzvü var” –deyən Bakı Metropoliteninin rəhbəri bildirib ki, bu gün YAP-a rəqib ola biləcək hansısa partiya yoxdur.
Modern.az