Modern.az AzərTAc-a istinadən xəbər verir ki, noyabrın 11-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Macarıstan Respublikasının Prezidenti Pal Şmittin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Respublikasının Prezidenti Pal Şmitti qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Macarıstan Respublikasının Prezidentinə raport verib.
Macarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Macarıstan Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Pal Şmittə, Macarıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin təkbətək görüşü olüb.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Macarıstan Respublikasının Prezidenti Pal Şmittin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə deyib:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Sizin hamınızı bir daha ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
Bu, Macarıstan Prezidentinin Azərbaycana ilk səfəridir. Əminəm ki, səfərin çox yaxşı nəticələri olacaqdır.
İkitərəfli əlaqələrimiz uğurla inkişaf edir. Biz artıq Sizinlə bu barədə fikir mübadiləsi apardıq. Mən tam əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfəni verəcəkdir.
Siyasi əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına da güclü təkan verir. Əminəm ki, bu gün keçiriləcək biznes forum da iqtisadi sahədə əlaqələrin inkişafı üçün çox əhəmiyyətli olacaqdır.
Mən inanıram ki, Sizin səfərinizin bütövlükdə, çox uğurlu nəticələri olacaqdır. Beləliklə, Macarıstan-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyacaqdır.
Bir daha Sizi salamlayıram, xoş gəlmisiniz.
Macarıstan Respublikasının Prezidenti Pal Şmitt səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib:
- Hörmətli cənab Prezident!
Mən, həm Sizin qarşınızda, həm Azərbaycan hökumətinin üzvləri qarşısında Azərbaycana Macarıstan Prezidenti kimi ilk səfərimdən böyük məmnunluq duyduğumu bildirmək istəyirəm.
Biz Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar Sizi təbrik edirik. Siz bu müddət ərzində çox yüksək nəticələr əldə etmisiniz. Avropada bu nəticələr haqqında danışarkən deyirlər ki, Avropadakı ölkələrə bu nəticələri əldə etmək üçün bəlkə də 100 il lazım olardı.
Çox şadam ki, Siz Macarıstanı Azərbaycanın strateji tərəfdaşı hesab edirsiniz. Avropada Macarıstanın mövqeyini nəzərə alaraq biz sizin yaxın tərəfdaşınız ola bilərik və əslində tərəfdaşınızıq. Eyni zamanda, ölkələrimiz bir-birinə dostcasına, mehribancasına yanaşır. Hesab edirəm ki, bütövlükdə ölkələrimiz qarşısında istifadə olunmalı bir çox imkanlar vardır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Respublikasının Prezidenti Pal Şmittin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Macarıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum”u Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı səfiri Vilayət Quliyev və Macarıstan Respublikasının Vergilər Agentliyinin müdirinin müavini Arnold Mixay imzaladılar.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Macarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora imzalayıb.
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyinin ədliyyə üzrə dövlət katibi Robert Repassi imzaladılar.
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Macarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov və Macarıstan Respublikası Daxili İşlər Nazirliyinin dövlət katibi Andras Tallai imzalayıb.
“Azərbaycan Respublikasının Hökuməti və Macarıstan Respublikasının Hökuməti arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş”i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstan Respublikası Daxili İşlər Nazirliyinin dövlət katibi Andras Tallai imzalayıb.
***
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstan Respublikasının Prezidenti Pal Şmitt mətbuata bəyanatlarla çıxış ediblər.
Modern.az