Modern.az

Deputatın partiyasından Azərbaycan hökumətinə çağırış

Deputatın partiyasından Azərbaycan hökumətinə çağırış

14 Noyabr 2011, 14:46

Deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bugünkü toplantıda ictimai-siyasi vəziyyət, sosial-iqtisadi və cari məsələlər müzakirə olunub.

BAXCP İdarə Heyətinin toplantısında müzakirəyə çıxarılan əsas məsələ vətəndaşların qarşılaşdıqları sosial, hüquqi və məişət problemlərilə bağlı olub.

BAXCP Azərbaycan hökümətini mənzil tikintisi və satışı, mənzillərin dövlət ehtiyacları üçün alınması, onların istiliklə və təbii qazla təminatı üçün çox qısa müddətdə tədbirlər görməyə çağırıb:
"Mənzil tikintisi, satışı və mənzillərin dövlət ehtiyacları üçün alınması sahəsində yaranmış vəziyyət vətəndaşları ciddi problemlərlə qarşı-qarşıya qoyur, hüququn aliliyinin təmin olunmasına və ədalət prinsiplərinin qorunmasına maneə yaradır. BAXCP hesab edir ki, tikinti şirkətlərinin mənzilləri vətəndaşlara dövlət reyestrində qeydə alınmamış ikitərəfli müqavilələr yolu ilə satılmasına qadağa qoyulmalı, bu proses dövlət orqanlarının bilavasitə iştirakı və təminatı, eləcə də notarial qaydada təsdiqlənmiş müvafiq sənədləşmə əsasında həyata keçirilməlidir".

BAXCP İdarə Heyətinin qənaətinə görə, mənzillərin dövlət ehtiyacları üçün alınması prosesində mənzillərin yerləşdiyi ərazi və mərtəbələr, eləcə də vətəndaşlar tərəfindən mənzillərin təmirinə və interyerinə xərclənən vəsaitlər nəzərə alınmadan bütün mənzil sahiblərinə eyni qaydada - 1 kv. m.-ə görə 1500 manat vəsait verilməsi heç bir halda ədalətli sayıla bilməz və bu sahədə yaranmış problemlər mövcud bazar qiymətlərinə uyğun şəkildə qiymətləndirilmə yolu ilə aradan qaldırılmalıdır.

BAXCP mənzillərin istilik və təbii qazla təmin olunması zamanı iqlim və tempratur dəyişiklikləri nəzərə alınmadan bu prosesin öncədən nəzərdə tutulmuş konkret zaman kəsiyində həyata keçirilməsini də doğru hesab etmir: "Havaların qəfil soyuması nəticəsində mənzillərin istilik və təbii qazla təmin olunmasında yaranan problemlər bu sahədə islahatların aparılması zəruri edir".
BAXCP hesab edir ki, bu sahələr üzrə vətəndaşlarla imzalanan müqavilələrdə qış vaxtına keçid deyil, iqlim və tempratur dəyişiklikləri əsas götürülməlidir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama