Modern.az

Dörd komitənin iclasında maliyyə nazirinin çıxışı - İxtisarla

Dörd komitənin iclasında maliyyə nazirinin çıxışı - İxtisarla

16 Noyabr 2011, 17:28

Bu gün Milli Məclisdə Təhlükəsizlik və Müdafiə, İqtisadi siyasət, Aqrar siyasət və Ekologiya, Energetika və Təbii Ehtiyatlar komitələrinin birgə iclasında gələn ilin büdcə zərfi müzakirə olunub. Müzakirələrdə maliyyə naziri Samir Şərifov da iştirak edib. Modern.az nazirin çıxışını ixtisarla təqdim edir:

"2012-ci ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 37,8 faizi həcmində proqnozlaşdırılır. Mütləq ifadədə gələn ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon manat və yaxud 2011-ci ilin proqnozuna nisbətən 5,7 faiz çox nəzərdə tutulur.

2012-ci ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 310 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır. Bu, 2011-ci ilin göstəricilərinə nisbətən 2,9 faiz çoxdur. Dövlət Gömrük Komitəsi üzrə isə dövlət büdcəsinə 1 milyard 200 milyon manat gəlir proqnozlaşdırılır. Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti 9 milyard 905 milyon manat (2011-ci illə müqayisədə 701,8 milyon manat çox), sair daxilolmalar isə 21,4 milyon manat təşkil edəcək.

Gələn il dövlət büdcəsinin xərcləri 16 milyard 984 milyon manat nəzərdə tutulur. Bu, 2011-ci ildən 6,5 faiz (1 milyard 43 milyon manat) çoxdur.

Layihəyə əsasən, sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 27,8 faiz olmaqla 2011-ci illə müqayisədə 0,9 faiz artmışdır. Mütləq ifadədə bu xərclər 4 milyard 713 milyon manata çatacaq.

2012-ci ildə dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 4 milyard 325 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu, 2011-ci ildən 421 milyon manat çoxdur. İlk dəfə olaraq 2012-ci ilin dövlət büdcəsində «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının icrası üçün 20 milyon manat vəsait ayrılıb.

Ölkəmizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün müdafiə xərclərinə 2012-ci il dövlət büdcəsi xərclərinin 14,8 faizi həcmində vəsait ayrılacaq ki, bu da 2011-ci ilə nisbətən 1,9 faiz çoxdur. Eyni zamanda gələn ilin büdcəsinin dövlət əsaslı vəsaiti qoyuluşu xərclərində də müdafiə xərcləri üçün müvafiq investisiya layihələri üzrə vəsait nəzərdə tutulacaq.

2012-ci il dövlət büdcəsinin kəsiri 548 milyon manat və ya ümumi daxili məhsulun 1,3 faizi həcmində nəzərdə tutulur. Kəsirin maliyyələşdirilməsi özəlləşmədən, xarici və daxili borclanmadan, 2012-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar hesabına həyata keçiriləcək".

Maliyyə naziri Samir Şərifov onu da bildirib ki, Azərbaycan Respublikasının 2012-ci il icmal büdcəsinin gəlirləri 18 milyard 220 milyon manat, xərcləri isə 20 milyard 26 milyon manat nəzərdə tutulur. İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olaraq 305 milyon manat proqnozlaşdırılır. İcmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 2011-ci ilə nisbətən 289 milyon manat artımla proqnozlaşdırılaraq 2 milyard 454 milyon manat təşkil edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama