Noyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin əyani, 1 saylı İngilis dili fakültəsinin qiyabi və 2 saylı İngilis dili fakültəsinin axşam təhsil alan IV kurs tələbələrinin pedaqoji təcrübəsinə həsr olunan pedaqoji konfrans keçirildi. Konfransı giriş sözü ilə açan ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov pedaqoji təcrübənin tələbənin müəllim kimi formalaşmasında mühüm rol oynadığını bildirdi. Prorektor tələbələrə pedaqoji təcrübənin bütün imkanlarından yararlanmağı tövsiyyə etdi. O, Filologiya fakültəsinin tələbələrinin gələn ildən pedaqoji təcrübəyə deyil, istehsalat təcrübəsinə gedəcəklərini də vurğuladı. Bu dəyişikliyin Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrə şamil olunmadığını da prorektor sözlərinə əlavə etdi. Bununla yanaşı, gələn ildən pedaqoji yönümlü təhsil alan tələbələrin təcrübəsinin 15 həftəyə çatdırılacağını konfrans iştirakçılarının diqqətinə çatdırdı. N. Yusifov tələbələrə pedaqoji təcrübədə uğurlar arzuladı.
ADU-nun Pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev isə çıxışında təcrübənin mahiyyətindən və qaydalarından danışdı. Təcrübənin 5 həftə davam edəcəyini bildirən pedaqoji təcrübə rəhbəri orta məktəblərin daxili nizam-intizam qaydalarına ciddi riayət etməyin vacibliyini vurğuladı. Qiymətləndirmə mexanizminə də toxunan B. Həmzəyev tələbələrin vəzifələri haqqında da məlumat verdi.
Psixologiya kafedrasının müdiri, dosent Misgər Məmmədov pedaqoji təcrübənin psixoloji tərəflərindən bəhs etdi. Kollektivlə işləməyin zəruri olduğunu deyən M. Məmmədov tələbələrə bu amilə xüsusi diqqət ayırmağa çağırdı.
Digər çıxış edənlər də pedaqoji təcrübənin müəllim kimi yetişməkdə önəmli rol oynadığını qeyd etdilər.
Sonda tələbələri maraqlandıran sullar cavablandırıldı.
Qeyd edək ki, təcrübə noyabrın 18-dən dekabrın 22-dək davam edəcək. Təcrübəyə yollanan 257 tələbə Bakının 20-ə yaxın orta ümumtəhsil məktəbində təcrübə keçəcək.
Modern.az