Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsi bu gün Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Bu barədə Modern.az saytına parlamentdən məlumat verib.
Qeyd edək ki, 2012-ci il icmal büdcəsinin gəlirləri 16 436,4 mln. manat, xərcləri 16 984,4 mln. manat, kəsiri isə 548 mln. manat səviyyəsində nəzərdə tutulub. Gələn il ARDNF-dən daxilolmalar 9,9 mlrd. manat və ya ümumi büdcə daxilolmalarının 60,3%-ni, Vergilər Nazirliyindən 5,3 mlrd. manat (32,3%), Dövlət Gömrük Komitəsindən 1,2 mlrd. manat (7,3%) təşkil edəcəyi proqnozlaşdırılır. Digər daxilolmalar isə ümumi büdcə mədaxilinin 0,1%-ni təşkil edəcək.
Vergilər Nazirliyinin xətti ilə daxil olan ümumi vəsaitin 3,2 mlrd. manatı və ya 59,9%-i qeyri-neft sektorunun, 2,1 mlrd. manatı və ya 40%-i isə neft sektorunun payına düşəcək.
Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən vəsait 2011-ci ilin proqnozuna nisbətən 5,7% çox olacağı gözlənilir.
ARDNF-dən 2012-ci il ərzində dövlət büdcəsinə transfertlər cari ilin sonuna gözlənilən transfertlərin həcmindən 700 mln. manat və ya 7,6% çoxdur.
Xatırladaq ki, 2012-ci il üçün dövlət büdcəsinin layihəsi parlamentə oktyabrın 24-də daxil olub.
Modern.az