Bu gün Milli Məclisdə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı bəzi deputatlar maraqlı təkliflərlə yadda qalıblar.
Modern.az saytı xəbər verir ki, müzakirələr zamanı millət vəkili Zahid Oruc da maraqlı bir təklif irəli sürüb. Deputat bildirib ki, Qarabağ problemilə bağlı büdcədən maliyyələşmələr olmalıdır. “Bu o demək deyil ki, həmin vəsait Qarabağdakı separatçılara veriləcək. Yox! Sadəcə, mesaj veriləcək ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşın, inkişafa Azərbaycan büdcəsindən vəsait yönəldiləcək”.
Qarabağın işğal altında olduğunu nəzərə alan Z.Oruc deyib ki, Bərdə Qarabağın həm giriş, həmdə çıxış qapısı sayılır.
“Bu gün Azərbaycanın Naxçıvan, Lənkəran, Gəncə, Sumqayıt kimi iri şəhərlərində dövlət universitetləri fəaliyyət göstərir. Təklif edirəm ki, Bərdə şəhərində də Bərdə Dövlət Universiteti yaradılsın. Bu həm potensialın ora cəmləşməsinə kömək edəcək, həm də Qarabağ məsələsilə bağlı xarici əlaqələrin genişlənməsində böyük kömək olacaq”.
Modern.az