Modern.az

Əli Əhmədov əhalinin mənzil problemindən, Jalə Əliyeva müəllim və həkimlərin maaşlarının azlığından danışdı

Əli Əhmədov əhalinin mənzil problemindən, Jalə Əliyeva müəllim və həkimlərin maaşlarının azlığından  danışdı

22 Noyabr 2011, 18:28

Milli Məclisdə davam edən büdcə müzakirələrində millət vəkili Əli Əhmədov çıxış edərək 2012-ci il dövlət büdcəsi layihəsinin yaxşı hazırlandığını və ildən-ilə təkmilləşdiyini qeyd edib. O həmçinin regionların dotasiyası ilə bağlı məsələyə də münasibət bildirib.
“Hesab edirəm ki, regionlarımız getdikcə inkişaf edir. Ona görə də onların büdcəsi artıq öz gəlirləri hesabına formalaşmalıdır”.

Daha sonra millət vəkili Azərbaycanda əhali sayının sürətlə ardığını və buna uyğun mənzil ehtiyacının yarandığına diqqət çəkib.

“Bu gün Azərbaycanda əhali sürətlə artır. Məsələn, 10 ildə bir milyon insan artır. Bu da 10 ildə təxminən 250 min ailənin mənzilə ehtiyacı deməkdir. Düzdür, bizdə ipoteka krediti var və İpoteka Fondundan mənzil almaq üçün vəsait verilir. Amma İpoteka Fondu ilə məsələni tam həll etmək mümkün deyil.  Fondun vəsaiti hesabına 400-500 ailəni mənzillə təmin etmək olar. Ona görə təklif edirəm ki, bu məsələ hökümətin diqqətində olsun”.

Ə.Əhmədov regionların inkişafı ilə bağlı məsələyə diqqət çəkərək deyib: “Bu şəkildə davam etsə, regionlardan Bakıya axın olacaq. Bununla da ilk növbədə mənzil problemi həll edilməyəcək, ikinci də müəyyən digər problemlər ortaya çıxacaq”.

Millət vəkili Jalə Əliyevə isə çıxış edərək təhsil və səhiyyə sahəsinə diqqəti yönəldib. O bildirib ki, hələ bir neçə ay öncə ölkə Prezidentinin sərəncamı ilə təhsil və səhiyyə işçilərinə, yəni həkim və müəllimlərə yeni statusu verilməli, bu, dövlət qulluqçusu statusuna bərabər şəkildə həll edilməlidiydi.

“Hökümətin burada iştirak etməsindən istifadə edərək üzümü onlara tutub soruşmaq istərdim ki, bu məsələ ilə bağlı nə yenilik var? Məsələ nə vaxt həll olunacaq?”.
Daha sonra Jalə Əliyeva mədəniyyət, kino, eyni zamanda gənclər sahəsinə də ciddi fikir verilməsinin vacib olduğunu qeyd edib.

Deputat Sədaqət Vəliyeva gələn ilin büdcəsində müəyən onkoloji və bu kimi xəstəlikləri olan insanlar üçün vəsait ayrıldığını, ancaq vərəmli xəstələrin kənarda qaldığını vurğulayıb.
“Hesab edirəm ki, bu məsələ gələn ilin büdcəsində nəzərə alınmalıdır”. S.Vəliyeva daha sonra deyib: “Əvvəllər uşaqların yay istirahət məsələləri var idi, uşaqları yayda istirahətə göndərirdik. Düşünərəm ki, bu məsələ ilə bağlı vəsait ayrılmalıdır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama