Noyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan beynəlxalq polis təşkilatı – İNTERPOL-un baş katibi Ronald Noblun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Modern.az saytının “AzərTac”a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fonduna gələn İNTERPOL-un nümayəndə heyətinə əvvəlcə Fondun məqsədi və fəaliyyəti haqqında məlumat verilib.
R.Nobl Fondun xatirə kitabına ürək sözlərini yazıb..
Mehriban Əliyeva görüşdə qeyd edib ki, Azərbaycan təhlükəsiz ölkədir və respublikamızda cinayətkarlığın səviyyəsi çox aşağıdır. Heydər Əliyev Fondunun prezidenti ölkəmizin 1992-ci ildən İNTERPOL-a üzv olduğunu, dövlət və hökumət orqanları ilə bu qurum arasında sıx əlaqələrin qurulduğunu vurğulayıb.
Heydər Əliyev Fondunun fəaliyyəti haqqında danışan Mehriban Əliyeva Fondun 2004-cü ildən fəaliyyət göstərdiyini söyləyib. “Ümidvaram ki, biz qeyri-hökumət təşkilatı olaraq gələcəkdə əməkdaşlıq qura bilərik”, - deyən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun BMT, UNESCO, UNİCEF, İSESCO və digər beynəlxalq qurumlarla əməkdaşlığını qeyd edib.
“Azərbaycan təhlükəsizlik baxımından nümunəvi ölkədir”, -deyən İNTERPOL-un baş katibi Ronald Nobl Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu vurğulayaraq Fondun mədəniyyət tədbirlərinin keçirilməsindəki təcrübəsini qeyd edib. O, gələcəkdə Azərbaycanda birgə mədəni tədbirlərin keçirilməsini təklif etib.
Sonra Ronald Nobl İNTERPOL-un bu il təsis etdiyi “Daha təhlükəsiz dünyanın yaradılmasında xidmətə görə” yadigar medalını Mehriban Əliyevaya təqdim etib.
Baş katib R.Nobl bildirdi ki, Mehriban Əliyeva dünyada bu medalın təqdim olunduğu ilk şəxsdir.
Modern.az