Modern.az

Hadı Rəcəbli: "Mən bu təklifi verəndə, deyirdilər Hadı Rəcəbli duz mafiyasına rəhbərlik edir"

Hadı Rəcəbli: "Mən bu təklifi verəndə, deyirdilər Hadı Rəcəbli duz mafiyasına rəhbərlik edir"

23 Noyabr 2011, 12:19

Bu gün Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilib. Modern.az saytı xəbər verir ki, iclasda çıxış edən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda istehlak mədəniyyətinin, o cümlədən, geyim mədəniyyətinin ürəkaçan olmadığını deyib. O qeyd edib ki, bəzən insanlar maddi imkanlarının aşağı olmasına baxmayaraq, başqaları ilə “bəhsləşərək” yüksək məbləğli geyimlərə üstünlük verirlər.
“Bəzən də  elə hallar olur ki, hətta imkansız qohumlarımdan bəziləri borc üçün mənim üstümə gəlirlər. Deyirlər ki, pul ver filan toya gedəcəyəm. Amma onun geyindiyi kostyum mənimkindən qat-qat bahadır. Bu halla təkcə mən yox, çoxlarımız gündəlik həyatda rastlaşırıq. Ona görə bizdə istər geyim, istərsədə  yeyib-içmək,  istirahət və  istehlak mədəniyyətinin formalaşdırılmasına və bu yöndə maarifləndirmənin artırılmasına ehtiyac var”.

Hadi Rəcəbli onuda bildirib ki, bu ilin sonuna kimi Azərbaycanda dünyaya gələcək uşaqların sayı 155 minə çatacaq. Gələn il isə bu rəqəmin 196 min olacağı gözlənilir.
Deputatın dediyinə görə, gələn il, həm də təxminən 52-54 min arasında uşağın dünyasını dəyişəcəyi gözlənilir. Ancaq gələn il ölkədəki artımın 140 min olması gözlənilir.
Komitə sədri onu da qeyd edib ki, “Çoxuşaqlı ailələrin müdafiəsi haqqında” qanun layihəsinin hazırlanması yönündə fikirlər də səslənməkdədir.
“Bu məsələ artıq neçə vaxtdır müzakirə mövzusudur. Amma biz nəzərə almalıyıq ki, bu gün nikaha girənlərin 13%-i dünyaya uşaq gətirə bilmir. Olmazmı ki, biz həmin insanların müalicəsinə fikir verək, maliyyə ayıraq və onlar da dünyaya uşaq gətirsinlər. Bu yöndə qanun layihəsinin hazırlanması məsələsi açıq qalır”.

Komitə sədri, eyni zamanda son vaxtlar ailə-məişət münaqişəsi zəminində baş verən cinayət hadisələrinə toxunaraq qeyd edib ki, son illər bu zəmində qətlə yetirilənlərin 70-80-i arvad və ərlə bağlıdır.
“Ya arvad əri, ya da ər arvadı öldürür. Təəssüf ki, səbəbi açılmır”.

Daha sonra komitə sədri bildirib ki, bir zaman duzun yodlaşdırılmasının zəruriliyindən danışanda deyirdilər ki, Hadi Rəcəbli duz mafiyasına rəhbərlik edir.

Hadi Rəcəbli bildirib ki, əslində duzun yodlaşdırılması çox vacibdir və təhlükəli xəstəliyin qarşısını alır. Onun sözlərinə görə, dünyanın 35 ölkəsində vacib ərzaq məhsulları zənginləşdirilir:
“Məsələn, un və digər ərzaq məhsullarına dəmir əlavə olunur. Çünki son illər anomiya xəstəliyi artıb. Ancaq biz Milli Məclisə bununla bağlı qanun layihəsi təqdim etsək, deyəcəklər ki, ekoloji təmiz məhsul korlanır. Ancaq bunu Azərbaycanda mütləq etmək lazımdır. Məsələn, Çin son illər ərzaq məhsullarının zənginləşdirilməsi hesabına əhalisinin boyunun 8 santimetr artmasına nail olub”.

Hadi Rəcəbli bildirib ki, nikahdan əvvəl tibbi arayışın tələb olunması da vacibdir.
“Əgər talassemiya xəstələri nikaha girirsə, uşaq xəstə dünya gəlir. Əgər nikaha girənlər pulla arayış alarsa, Cinayət Məcəlləsində məsuliyyət qoyulacaq. Həmin saxta arayış verən cəzalandırılacaq. Bu barədə Ailə Məcəlləsinə dəyişiklik edilməsi yönündə layihə hazırlanır”.

Komitə sədri qeyd edib ki, Ailə Məcəlləsində mülkiyyət müqaviləsi barədə deklorativ maddə var. Mülki Məcəllədə isə mülkiyyət müqaviləsi könüllüdür.
“Son 6-7 ildə boşanmalar 2 dəfə artıb. 8 min 700 nəfər il ərzində boşanır. Bunların da böyük əksəriyyətində mülkiyyət bölgüsü problemi yaşanır. Ona görə də qanunvericilik aktlarının uyğunlaşdırılması üzərində işləmək lazımdır”.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama