Modern.az

Eldar İbrahimov: “Bildirirəm ki, bu yanaşma düzgün deyil” (ÇIXIŞ)

Eldar İbrahimov: “Bildirirəm ki, bu yanaşma düzgün deyil” (ÇIXIŞ)

23 Noyabr 2011, 17:40

Milli Məclisdə keçirilən büdcə müzakirələrində söz alan deputat Eldar İbrahimov çıxış edib.
Modern az saytı E.İbrahimovun çıxışını təqdim edir.

- Hörmətli cənab sədr!
Hörmətli cənab Baş nazir!
Hörmətli deputatlar !

Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi strategiyanın və neft- qaz siyasətinin nəticəsidir ki, ölkəmizin maliyyə imkanları ildən ilə artır. Bu isə respublikamızda sosial və investisiya yönümlü iri layihələrin həyata keçirilməsinə böyük  imkanlar verir. Əvvəlki illərdə olduğu kimi bu il də  Milli Məclisin müzakirəsinə təqdim edilmiş Azərbaycan Respublikasının 2012- ci il dövlət büdcəsi layihəsi azərbaycan xalqının rifahının yaxşılaşmasına və ölkəmizin qüdrətinin yüksəlməsinə xidmət edir. Təqdirəlayiq haldır ki, Naxçıvan, Qəbələ və Abşeron kimi bölğələr öz hesablarına büdcələrini formalaşdırırlar.

Mən müxtəlif rəqəmlər sadalayıb Sizin vaxtınızı almaq istəmirəm. Büdcənin göstəriciləri barədə hörmətli həmkarım Ziyad Səmədzadə, Maliyyə nazirimiz Samir Şərifov və Hesablama Palatasının sədri hörmətli Heydər Əsədov  büdcənin bütün parametrlərini hərtərəfli və dərindən təhlil edərək əsaslandırılmış rəy və təkliflərini bildirdilər.

Bununla yanaşı bəzi məsələlərə diqqətinizi cəlb etmək istəyirəm.

2012- ci ilin büdcəsində ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi aqrar sahədə də büdcə xərclərinin artımı nəzərdə tutulmuşdur. Bildiyiniz kimi hazırda dünyada narahatlıq doğuran qlobal problemlərdən biri  əhalinin ərzaq təhlükəsizliyini təmin etməkdir. Fərəhli haldır ki, respublikamızda belə bir problem yoxdur və ölkəmiz həmin məsələnin həllində dünya iqtisadiyyatına öz töhfəsini vermək iqtidarındadır. Bunu hörmətli Prezidentimiz İlham Əliyev cənabları dəfələrlə vurğulayıb və biz xarici ölkələrə kənd təsərrüfatı məhsulları, xüsusilə ekoloji təmiz məhsullar  ixrac etmək üçün əməli tədbirlər görməliyik. Bu məqsədlə yaxşı olar ki, başqa ölkələrdə olduğu kimi dövlət büdcəsində ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalçılarını stimullaşdırmaq üçün  əlavə vəsait ayrılması nəzərdə tutulsun. Təqdim olunmuş büdcə zərfində  ölkədə toxum istehsalını, tədarükünü və istifadəsini tənzimləmək üçün əsas prioritetlərdən biri kimi orijinal, super elit və elit toxumlarının istehsalının özəl toxumçuluq təsərrüfatlarında həyata keçirilməsinin dəstəklənməsi göstərilir. Bildirirəm ki, bu yanaşma düzgün deyil. Belə ki,    “Toxumçuluq haqqında” Qanunun  11-ci maddəsində göstərilir ki, “Orijinal, super elit və elit toxumların istehsalı sortun müəllifinin və ya patent sahibinin nəzarəti altında elmi- tədqiqat və tədris müəssisələrinin təcrübə təsərrüfatlarında, repreduksiyalı toxumların istehsalı isə dövlət və bu fəaliyyət növü ilə məşğul olan ixtisaslaşdırılmış özəl toxumçuluq subyektlərində həyata keçirilir. Ona görə də bu məsələni hazırkı şəraitdə özəl sektora həvalə etmək toxumçuluğu və bununla da bütövlükdə bitkiçiliyi məhv etmək deməkdir.

Hörmətli həmkarlar və hökumət üzvləri,

Azərbaycan Prezidenti İlham Əliyev cənabları - növbəti on il ərzində ümumi daxili məhsulu qeyri- neft sektorunun inkişafı hesabına ən azı iki dəfə artmağı qarşıya hədəf qoymuşdur. Qeyri- neft sektorunun prioritet sahələrindən biri aqrar sahə olduğundan  bu bölmənin kompleks inkişaf etdirilməsi üçün  hesab edirik ki,  investisiya qoyuluşu artırılmalı və əsasən emal, kənd təsərrüfatı maşınqayırma və  qarışıq yem istehsalı sənayesi  sahələrinin inkişafına  yönəldilməlidir.

Bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, daxili  və xarici bazarlara    rəqabət qabiliyyətli məhsullar çıxarmaq üçün ilk dövrlərdə dövlət büdcəsindən  maliyyələşən aqrar informasiya- məsləhət xidmətinin yaradılması və genişləndirilməsinə böyük ehtiyac vardır.

Fermerlərin səmərəli fəaliyyət göstərməsini təmin etmək və onlara əməli köməklik göstərmək  üçün hesab edirəm ki, aqrolizinqin şərtləri yumşaldılmalı  və aqroservis xidmətlərinin tarifləri aşağı salınmlıdır ki,   bu fəaliyyət əsasən sahibkarlığın inkişafına və ərzaq bazarında məhsul bolluğunun yaradılmasına xidmət etsin .

Bildiyiniz kimi ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalı ilə əsasən ailə kəndli təsərrüfatları məşğul olur. Müvafiq Qanuna və Prezident Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilməsi Qaydası” haqqında qərarına əsasən bu sənədin hazırlanması müvafiq bələdiyyələrə həvalə edilmişdir. Lakin bələdiyyələrin vəsaiti olmadığına görə bu məsələ öz həllini tapmamışdır. Ona görə də xahiş edirəm ki, hökumətin ehtiyat fondundan bu məqsədlə bələdiyyələrə müvafiq vəsaitin ayrılmasına köməklik göstərilsin.

Bildirirəm ki, bütün ölkələrdə aqrar sektor dotasiya ilə işləyir. Ölkəmizdə də bu istiqamətdə əsaslı işlər görülür. Bununla belə nəzərə almaq lazımdır ki, respublikamız kənd təsərrüfatı texnikası istehsalı ilə məşğul olmur və xaricdən alınan bu texnikanın qiyməti ilə kənd təsərrüfatı məhsullarının qiyməti arasında böyük fərq- disparitet mövcuddur. Ona görə də aqrar sahədə vergi ödəmələrinin bərpasına yox, dövlət dəstəyinin davam etdirilməsinə və genişləndirilməsinə ehtiyac vardır.

Dünyanın bir çox ölkələrində maliyyə və iqtisadi böhranın davam etdiyi bir şəraitdə bu gün müzakirə etdiyimiz büdcəmiz sosial yönümlü və investisiya tutumlu olmaqla yüksək artım tempi və daha şəffaf olması ilə fərqlənən bir büdcə layihəsidir. Mən bu büdcəyə səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama