82 yaşlı dəllək Şəmsəddin Tağıyev həps olunub. Modern.az ANS-ə istinadən xəbər verir ki, dünən Gəncə şəhərində 82 yaşlı dəllək Şəmsəddin Tağıyev 4 yaşlı Nihad Rzayevi sünnət edərkən onun cinsiyyət orqanının baş hissəsini kəsib. Cinsiyyət orqanının baş hissəsi kəsilən Nihad Gəncə şəhər 2 saylı Uşaq Birləşmiş xəstəxanasına yerləşdirilib. Dəllək Şəmsəddin Tağıyevi isə Kəpəz rayon Polis İdarəsinə aparılıb.
Kəpəz RPİ-də dindirmə zamanı dəllək Şəmsəddin Tağıyev bildirib ki, 60 ildir bu işlə məşğuldur, fəaliyyəti dövründə 4 günlük uşaqdan tutmuş 36 yaşına qədər olan kişiləri sünnət edib.
Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasının cərrahiyə şöbəsinin baş həkimi Rahət Hüseynov isə zərərçəkən Nihad Rzayevin vəziyyətini normal qiymətləndirib. Həkim xəstənin gələcəyi üçün elə də ciddi problemin olmadığını qeyd edib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 131, yəni ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərbə vurma maddəsi ilə iş açılıb, istintaq aparılır.
Modern.az