Milli Məclisdə büdcə müzakirələrindən sonra çıxış edən vergilər naziri Fazil Məmmədov deyib ki, son illər xüsusilə də cari ilin 10 ayı ərzində regionların büdcəyə ümumi vergi daxilolmalarında çəkisi artıb.
Modern.az saytının məlumatına görə, vergilər naziri bildirib ki, əgər bir neçə il öncə büdcəyə regionlar üzrə vergi daxilolmaları 2-3% ətrafında olurdusa, bu ilin sonuna kimi bu göstəricinin 14,4%-ə çatacağı gözlənilir.
Nazirin dediyinə görə, 2012-ci ilin ötən 10 ayı ərzində neft və qeyri-neft sektorunda artım 8,6% təşkil edib.
Vergilər naziri, həmçinin qeyd edib ki, ötən müddət ərzində əhalinin real gəlirləri 19% artıb, o cümlədən əmanət banklarına əhalinin qoyduğu vəsaitin çəkisi 29,5% artıb.
Nazir vergi yükünün azaldılması ilə bağlı millət vəkillərinin fikirlərinə də münasibət bildirərək, qeyd edib ki, vergi yükünün mövcud dərəcəsi çox normaldır.
“Bu ilin 10 ayı ərzində Azərbaycanda 9 milyard manat investisiya qoyulub. Əgər sahibkarlığın inkişafı üçün münbit şərait və vergi yükünün mövcud dərəcəsi qaneedici olmasaydı, bu qədər həcmdə investisiya qoyulardımı? Yaxın ətrafımızda yerləşən, vergi yükünün aşağı olan ölkənin hansı birinə bu qədər investisiya qoyulub? Heç birinə. Belə olan halda vergi yükünün aşağı salınması ilə bağlı danışmaq düzgün deyil”.
Modern.az